Xəbərlər

Respublikanın çaylarında və tranzit çaylarda mövcud vəziyyət

22 Aprel 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə aprel ayının 19-dan 20-nə keçən gecə və səhər yağan leysan yağışlar nəticəsində Böyük Qafqazın Balakən-Şəki, Oğuz-Qəbələ bölgəsinin Şinçay, Kişçay, Talaçay, Balakənçay, Mazımçay, Kürmükçay, Əyriçay, Baş Daşağılçay, Zəyzitçay, Katexçay, Qaraçay, Dəhnəçay, Küngütçay, Əlicançay, Dəmiraparançay və Tikanlıçay çaylarından qısamüddətli daşqınlar keçmişdir.
Balakən-Şəki bölgəsi çaylarından keçən daşqınlarla əlaqədar, eyni zamanda, Gürcüstan ərazisndə Qanıx çayının hövzəsinə yağan leysan yağışları nəticəsində, son 2 gün ərzində Qanıx çayında suyun səviyyəsi 122 sm artmışdır.
Hazırda ən yüksək sululuq Böyük Qafqazın Quba-Xaçmaz və Balakən-Şəki bölgəsinin çaylarında müşahidə olunur və ongünlük normanın 100-173 %-ni təşkil edir. Digər çaylarda isə normadan aşağı sululuq müşahidə edilir. Belə ki, Kiçik Qafqaz çaylarında sululuq normanın 55-73, Naxçıvan Muxtar Respublikası çaylarında 45-55, Lənkəran-Astara bölgəsi çaylarında isə 15-20 %-ni təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 630 m3/san, yəni ongünlük normanın 88 %-ini təşkil edir (2009-cu ildə ongünlük normanın 33%-i olmaqla 238 m3/san təşkil edirdi).
Qanıx çayından Mingəçevir su anbarına axım isə 333 m3/san, ongünlük normanın 187%-ini təşkil edir (2009-cu ildə ongünlük normanın 37 %-i olmaqla 65 m3/san təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlər hava şəraitinin əsasən yağmursuz keçməsi, eyni zamanda, Mingəçevir su anbarından buraxılan suyun nisbətən azaldılması ilə əlaqədar Kür çayının aşağı axınında səviyyələrdə bir qədər azalma müşahidə olunmuşdur. Belə ki, Kürün Zərdab məntəqəsində suyun səviyyəsi 20, Surrada 25, Şirvanda 18, Salyanda 20, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində isə 31 sm azalmışdır.
Hazırda Kür çayının Surra məntəqəsində səviyyə 766 sm (2009-cu ildə 442 sm), Şirvanda 684 sm (2009-cu ildə 346 sm), Salyanda 696 sm (2009-cu ildə 351 sm), Bankədə 436 sm (2009-cu ildə 289 sm) Araz-Novruzluda isə 530 sm (2009-cu ildə 220 sm) təşkil edir.

Yaxın günlərdə gözlənilən sululuq
Aprelin 22-si axşam saatlarından başlayaraq 26-dək gözlənilən yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, eyni zamanda, yağıntıların bəzi yerlərdə leysan xarakterli olacağı ilə əlaqədar bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Kür çayının aşağı axınında isə səviyyənin yenidən artımı gözlənilir.