Xəbərlər

Ətraf mühitin mühafizəsi sahəsində növbəti əməkdaşlıq məsələləri müzakirə edilmişdir

11 Mart 2010, 00:00

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreya Respublikasının Ətraf Mühit Nazirliyi arasında 2008-ci ilin 19 may tarixində “Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalandıqdan sonra “Azərbaycanda ətraf mühitinin idarə olunması üzrə Baş Plan” hazırlanmışdır.
Qeyd edək ki, bu müddət ərzində Cənubi Koreya nümayəndələri dəfələrlə Azərbaycanda işgüzar səfərlərdə olmuş, Koreya və Azərbaycan mütəxəssisləri “Azərbaycanda ətraf mühitin idarə olunması üzrə Baş Plan”ın komponentlərini, eyni zamanda Koreya ilə əməkdaşlıq üzrə Azərbaycanda Baş Plan çərçivəsində həyata keçirilməsi məqsədəuyğun hesab edilən layihə təkliflərini müzakirə etmişlər.
Bu müzakirələrin nəticəsi olaraq prioritet istiqamətlər üzrə ilk öncə həyata keçirilmək üçün “Təmizlənmiş çirkab suların yaşıllıqların suvarılmasında təkrar istifadəsi”, “Qobustanda bərk məişət tullantıları poliqonunun inşası”, “Ekoloji mühitin avtomatlaşdırılmış monitorinq sisteminin qurulması” layihələri seçilmişdir. Bu layihələrin reallaşmasında, müasir tələblərə cavab verən ətraf mühit texnologiyalarının ölkəmizdə tətbiq edilməsində Cənubi Koreyanın böyük dəstəyi olacaq.
Cənubi Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz İşləri Naziri cənab Jong Hvan Çunq nümayəndə heyəti ilə birlikdə Azərbaycanda səfərdə olmuşdur.
Səfər çərçivəsində 11 mart 2010-cu il tarixdə Cənubi Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz İşləri Nazirliyin nümayəndələri, eyni zamanda Koreyanın Beynəlxalq Podratçılar Assosiasiyası, Torpaq və Tikinti Korparasiyası, Koreya Dəmiryolu Şəbəkəsi İdarəsi, Deu Kontrakşn, Hunday Kontrakşn, Kolon və digər şirkətlərin nümayəndələri Ekologiya və Təbii Sərvətlər Naziri cənab H.Bağırovla birlikdə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad etmişlər.
Daha sonra Nazirliyin inzibati binasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırovun cənab Jong Hvan Çunq və onun başçılıq nümayəndə heyəti ilə görüşü keçirilmişdir.
Görüş zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz İşləri Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Ümumiyyətlə, ölkəmizdə ətraf mühitin idarə edilməsinin yaxşılaşdırılması məqsədilə Koreyalı mütəxəssislərlə birgə müəyyən olunmuş layihələrin mərhələlərlə bir neçə il müddətində həyata keçirilməsi nəzərdə tutulur.