Xəbərlər

Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılmışdır

04 Mart 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) əməkdaşları tərəfindən Siyəzən rayonu ərazisində nərəcinsli balıqların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması məqsədilə operativ reyd keçirilmişdir.
Reyd zamanı Bakı-Quba magistral yolunun Siyəzən rayonu ərazisində 40 BG 086 dövlət nömrə nişanlı “VAZ 001” markalı avtomobilə baxış keçirilərkən 16 ədəd nərə, 1 ədəd nərəcinsli uzunburun və 50 BN 951 dövlət nömrə nişanlı “Moskvi甝 markalı maşında isə 11 ədəd nərə, 2 ədəd nərəcinsli uzunburun balıq aşkar edilmişdir.
Qeyd olunan faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib olunmuş və qanunsuz ovlanmış 30 ədəd balıq götürülərək orqanoleptik müayinə olunması üçün Siyəzən rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilmişdir. Müayinə olunmuş balıqların uzun müddət yüksək temperaturda saxlanıldığı üçün istifadəyə yararsız olduğu müəyyən edilmişdir.
Təbiətə dəymiş 6300 manat ziyanın ödənilməsinin təmin olunması və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nazirlik tərəfindən Siyəzən rayon polis şöbəsinə müraciət olunmuşdur.
Hazırda sözügedən ərazi Nazirliyin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.