Xəbərlər

ETSN bir daha əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır

23 Fevral 2010, 00:00

2010”“cu il 21 fevral tarixində saat 16:00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) xidməti ərazisi olan 5 saylı dolayının 29-cu kvartalında yanğın hadisəsi baş vermişdir.
Açıq və kollardan ibarət ərazidə baş vermiş yanğın 0,75 hektar sahəni əhatə etmiş və meşə fonduna ciddi ziyan dəyməmişdir.
Yanğın qısa müddət ərzində Daşkəsən MMBM-in kollektivi və yaxın kəndlərin sakinlərinin operativ səyləri nəticəsində söndürülmüşdür.
Nazirliyin Meşələrin İnkişafı Departamenti tərəfindən aparılmış ilkin araşdırmalara görə yanğına səbəb (yanğın baş vermiş ərazi yaşayış məntəqələrindən uzaq olduğundan və gediş-gəliş olmadığından) ovçuların atdıqları söndürülməmiş siqaret kötüyü olmuşdur.
Son zamanlar Respublika ərazisində hava şəraitinin küləkli olmasını nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün bir daha əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır.