Xəbərlər

And dağlarına təşkil olunmuş ilk Azərbaycan elmi-idman ekspedisiyası müvəffəqiyyətlə başa çatdı!

12 Yanvar 2010, 00:00

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəsmi saytında (www.fairex.az) verilən məlumata görə Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırovun rəhbərlik etdiyi ilk Azərbaycan elmi-idman ekspedisiyası qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək And dağlarına (Argentina) ekspedisiyanı başa vurmuşdur.
Ekspedisiya And dağlarının Akonkaqua massivinin unikal geologiyası üzrə elmi-geoloji proqram, həmçinin Argentinanın dağlıq və dağətəyi rayonlarının timsalında Cənubi Amerikanın bioloji müxtəlifliyi üzrə proqramı da həyata keçirmişdir. Ekspedisiya zamanı elmi-populyar filmlər və nəşrlərin hazırlanmasında əsas rol oynayacaq unikal, zəngin video və foto materiallar çəkilmişdir.
Akonkaqua zirvəsinə (6962 m) Azərbaycanın milli bayrağını, Azərbaycan Respublikasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri, həmçinin üzərində Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev cənablarının şəkli və “Azərbaycan yeni zirvələrə doğru, İlhamla irəli” sözləri yazılmış vımpellər qaldırılmışdır.
Həmçinin, zirvədə azərbaycan və ingilis dillərində yazılan “2010 Azərbaycanda ekologiya ili-Yaşıl dünya naminə” transporantları açılmışdır.
Bütün bunları ekspedisiya rəhbərliyinin tapşırığına əsasən ekspedisiyanın üzvü, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının “Ekosport” İdman klubunun rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirbədəl Mirhəsənli həyata keçirmişdir.
Ekspedisiya hal-hazırda geri dönməyə hazırlaşır.