Cənubi Qafqazın ən hündür nöqtəsində fəaliyyət göstərən Kompleks Hidrometeoroloji və Ekoloji Elm Mərkəzinin açılışı olmuşdur
22 Dekabr 2009, 00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqatı ilə bağlı Tədbirlər haqqında” Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış Böyük Qafqaz dağlarının şimal-şərq yamacında Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin 22 dekabr 2009-cu il tarixində Nazir H.Bağırovun iştirakı ilə rəsmi açılış mərasimi olmuşdur.
Biomüxtəliflik, geoloji tədqiqatlar, hidrometeoroloji və ətraf mühitin monitorinqi sahələrini əhatə edən Mərkəzin yaradılmasında əsas məqsəd yüksək dağlıq ərazilərin bir ekosistem kimi kompleks öyrənilməsi və həmin ərazilərin meteoroloji, hidroloji rejiminin, xüsusilə də qar örtüyünün, buzlaqların tədqiqi, iqlim dəyişmələri, onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin öyrənilməsidir.
Elm Mərkəzinin fəaliyyət göstərməsi üçün 3000 metrə yaxın yüksəklikdə müvafiq inzibati binalar tikilmiş, çətin və mürəkkəb iqlim şəraitində olduqca əhəmiyyətli tədqiqat işlərinin aparılması məqsədilə işçilər üçün müvafiq infrastruktur yaradılmışdır.
Elm Mərkəzində, eləcə də Mərkəzdən aralı müxtəlif hündürlüklərdə - Şahdüzü (3000 m) və Kabaş (3500 m) dağ silsilələrində, ən mürəkkəb meteoroloji şəraitdə (güclü külək, aşağı temperatur, qalın qar örtüyü və s.) fasiləsiz fəaliyyət göstərməyə, məlumatların operativ olaraq Milli Hidrometeorologiya Departamentinə ötürməyə imkan verən, dünyanın ən aparıcı texnologiyalarından olan Finlandiyanın Vaysala firmasının istehsal etdiyi avtomatlaşdırılmış meteoroloji stansiyalar quraşdırılmışdır. Tufandağ (4200 m) və Şahdağ (4280 m) zirvələrində isə bu işlər davam edir.