Xəbərlər

Yaxın günlərdə Cənubi Qafqazın ən hündür nöqtəsində fəaliyyət göstərən Kompleks Hidrometeoroloji və Ekoloji Elm Mərkəzinin açılışı olacaq

16 Noyabr 2009, 00:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqatı ilə bağlı Tədbirlər haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Böyük Qafqaz dağlarının şimal-şərq yamacında Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaradılmışdır.
Biomüxtəliflik, geoloji tədqiqatlar, hidrometeoroloji və ətraf mühitin monitorinqi sahələrini əhatə edən Mərkəzin yaradılmasında əsas məqsəd yüksək dağlıq ərazilərin bir ekosistem kimi kompleks öyrənilməsi və həmin ərazilərin meteoroloji, hidroloji rejiminin, xüsusilə də qar örtüyünün, buzlaqların tədqiqi, iqlim dəyişmələri, onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin öyrənilməsidir.
Elm Mərkəzinin fəaliyyət göstərməsi üçün 3000 metrə yaxın yüksəklikdə müvafiq inzibati binalar tikilmiş, çətin və mürəkkəb iqlim şəraitində olduqca əhəmiyyətli tədqiqat işlərinin aparılması məqsədilə işçilər üçün müvafiq infrastruktur yaradılmışdır.
Elm Mərkəzində, eləcə də Mərkəzdən aralı müxtəlif hündürlüklərdə - Şahdüzü (3000 m) və Kabaş (3500 m) dağ silsilələrində, ən mürəkkəb meteoroloji şəraitdə (güclü külək, aşağı temperatur, qalın qar örtüyü və s.) fasiləsiz fəaliyyət göstərməyə, məlumatların operativ olaraq Milli Hidrometeorologiya Departamentinə ötürməyə imkan verən, dünyanın ən aparıcı texnologiyalarından olan Finlandiyanın Vaysala firmasının istehsal etdiyi avtomatlaşdırılmış meteoroloji stansiyalar quraşdırılmış, Tufandağ (4200 m) və Şahdağ (4280 m) zirvələrində isə bu işlər davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin yaxın günlərdə rəsmi açılış mərasimi keçiriləcəkdir.