Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (oktyabr ayının III ongünlüyü üçün)

04 Noyabr 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabr ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Oktyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının II ongünlüyünə nisbətən 41 m3/san azalaraq 146 m3/san təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 3 , mis birləşmələri 5, Ağstafaçay su anbarında isə fenollar 2 və mis birləşmələri 5 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 95,8 m3/san olmuşdur. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə YVQH keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,46-6,70 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.