Xəbərlər

Yevlax rayonunun Aran, Aşağı Bucaq, Yuxarı Bucaq və Duzdağ kəndlərində quraşdırılmış sutəmizləyici qurğulara baxış keçirilib

09 Oktyabr 2009, 00:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006”“cı ilin 28 sentyabr tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006”“2010”“cu illər üzrə Kompleks Tədbirlər Planı”nın həyata keçirilməsi və ətraf mühitin sağlamlaşdırılması istiqamətində məqsədyönlü işlər aparılır.
Kompleks Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” və 2008-ci il 20 noyabr tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamlarda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi istiqamətində işlər uğurla həyata keçirilir.
Belə ki, ölkə rəhbərinin müvafiq sərəncamlarına uyğun olaraq 2007-ci ildə 8 rayon (Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan və Neftçala), 2008-ci ildə isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 rayonun (Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Babək və Şərur) 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb və 224 min əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub.
2009-cu il 09 oktyabr tarixində Yevlax rayonunun Aran, Aşağı Bucaq, Yuxarı Bucaq və Duzdağ kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğulara baxış keçirilib.
Quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Aran kəndinin 5560 nəfər əhalisi gün ərzində 100 m3 sutəmizləmə gücünə malik 16 bulaq, Aşağı Bucaq kəndinin 859 nəfər əhalisi gün ərzində 20 m3 sutəmizləmə gücünə malik 7 bulaq, Yuxarı Bucaq kəndinin 797 nəfər əhalisi gün ərzində 30 m3 sutəmizləmə gücünə malik 7 bulaq və Duzdağ kəndinin 426 nəfər əhalisi isə gün ərzində 10 m3 sutəmizləmə gücünə malik 7 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edirlər.