Xəbərlər

ETSN “Ümumdünya quşların müşahidəsi və heyvanların mühafizəsi günləri” ilə əlaqədar Şirvan Milli Parkında tədbir keçirmişdir

05 Oktyabr 2009, 00:00

03 oktyabr “Birdlife İnternational” təşkilatının təklifi ilə bütün dünyada “Ümumdünya Quşların Müşahidəsi Günü” kimi keçirilir. Həmin günün qeyd olunmasının məqsədi geniş kütləni quşların yaşam tərzi barədə məlumatlandırmaq, onların mühafizəsi problemlərinin, o cümlədən insanların fəaliyyəti və ətraf mühitin çirklənməsi nəticəsində
bəzi növlərin sayının azalması, yaxud kökünün kəsilmək təhlükəsi altında olmasının diqqətə çatdırılması, həmçinin quşları təbii biotoplarında öyrənmək, keçirilən aksiyalara daha çox insan cəlb etməklə onları daha çox quş növləri ilə tanış etməkdir.
Həmçinin 04 oktyabr 1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilmiş təbiətsevərlərin Beynəlxalq Konqresində “Ümumdünya Heyvanların mühafizəsi günü”nün təsis olunması barədə Qərar qəbul edilmişdir. Həmin tarixdən etibarən hər il bu gün bir çox dünya ölkələrində təbiətsevərlər tərəfindən qeyd olunur.
Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına əsasən hər saat Yer üzündən 3 canlı növü silinir, dəniz heyvanlarının 35 faizi artıq tamamilə məhv olmuşdur. Bu tədbirlərin də məqsədi məhz ictimaiyyətin diqqətinin heyvanlar aləminin problemlərinə yönəldilməsi və insanları heyvanlara münasibət barədə düşünməyə vadar etməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi, ölkənin ekoloji problemlərinin həllinə yönəlmiş fəaliyyətində bioloji müxtəlifliyin qorunub saxlanılması, xüsusən heyvan və quş növlərinin mühafizəsi və öyrənilməsi xüsusi yer tutur.
Bu məqsədlə Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikası yaradılmışdır. Mərkəzin əsas məqsədi qeyri”“qanuni əldə edilmiş heyvan və quş növlərinin reabilitasiya edilərək vəhşi təbiətə uyğunlaşdırıldıqdan sonra təbiətə buraxılması, nadir və sayı azalmaqda olan heyvan növlərinin süni və yarımqapalı şəraitdə saxlanılmasının təşkili, sayının artırılması, bərpası və təbiətə qaytarılması işlərinin aparılmasından ibarətdir. Keçən müddət ərzində Mərkəzdə reabilitasiyasını başa vuran onlarla canlı dəfələrlə ictimaiyyətin iştirakı ilə vəhşi təbiətə buraxılmışdır.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və inkişaf etdirilməsi vəhşi heyvanların mühafizəsi və öyrənilməsində mühüm rol oynayır. Bu ərazilər vəhşi heyvan növlərinin təhlükəsiz şəraitdə yaşamasına, onların sayının qısa müddət ərzində təbii yollarla artmasına, nadir heyvan növlərinin populyasiyasının bərpa olunmasına səbəb olur.
Son illər Nazirlik tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hazırda ölkəmizdə ümumi sahəsi 800 min hektardan çox olan Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri, o cümlədən, 8 Milli Park, 12 Dövlət Təbiət Qoruğu və 23 Dövlət Təbiət Yasaqlığı mövcuddur və onların sahəsi ölkə ərazisinin təqribən 9,87 faizini təşkil edir.
Heyvan və quş növlərinin öyrənilməsi və mühafizəsi ilə əlaqədar hər il olduğu kimi bu il də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra mütəxəssisləri, QHT və KİV nümayəndələri, o cümlədən alimlərin iştirakı ilə Şirvan Milli Parkında seminar keçirilmişdir. Seminarda biomüxtəlifliyin qorunması, mühafizə olunması barədə müzakirələr aparılmış, məruzələr edilmiş, jurnalistləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Tədbirin sonunda Salyan rayonunun 4 orta məktəb şagirdləri arasında bu günlə bağlı breyn-rinq yarışı keçirilmiş və qaliblər mükafatlandırılmışdır.