Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemləri
24 Sentyabr 2009, 00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqatı ilə bağlı Tədbirlər haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası ərazisində Böyük Qafqaz dağlarının şimal-şərq yamacında Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaradılmışdır.
Mərkəzin yaradılmasında məqsəd yüksək dağlıq ərazilərin (YDƏ) bir ekosistem kimi kompleks öyrənilməsi, xüsusən həmin ərazinin mikroiqliminin, hidroloji proseslərin, dağ buzlaqlarının tədqiqi, iqlim dəyişmələri və onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin qiymətləndirilməsidir.
Hazırda Elm Mərkəzinin fəaliyyətə başlaması üçün 3000 metrə yaxın hündürlükdə müvafiq inzibati bina tikilmiş və meteoroloji müşahidə meydançası yaradılmışdır. Həm Elm Mərkəzində, həm də Mərkəzdən aralı Şahdağın 3500 metr hündürlüyündə Finlandiyanın məşhur Vaysala firmasının istehsalı olan Avtomat Meteoroloji Stansiyalar (AMS) quraşdırılmışdır. Artıq meteoroloji stansiyalardan ilkin meteoroloji müşahidə məlumatlarının alınmasına başlanılmışdır. Hazırda belə AMS-dən biri də 4200 metr hündürlükdə yerləşən Tufandağda da quraşdırılır. Bütün ləvazimat artıq Tufandağın zirvəsinə qaldırılmışdır.
Düzdür son günlər ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar dağçılar və mütəxəssislər Tufandağın zirvəsindən enməyə məcbur olmuşlar. Lakin artıq aydındır ki, Cənubi Qafqazın ən hündür nöqtəsində yerləşən (4200 metr) Stansiyanın yaxın vaxtlarda quraşdırılması işi uğurla başa çatdırılacaqdır.
Çətin, həmçinin mürəkkəb şəraitdə fəaliyyət göstərəcək Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin yaxın vaxtlarda mütəxəssis heyəti ilə komplektləşdiriləcəyi və tam gücü ilə işə başlayacağı planlaşdırılır.