Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

05 Noyabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2013-cü ilin 15-31 oktyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 206 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 78 müddətli məcburi göstəriş verilmişdir.

Ümumilikdə, 50 iş üzrə 177900 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 24 iş üzrə 259411.24 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 117 iş üzrə 23189.63 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 22, icra qurumlarına 24, məhkəmələrə isə 2 iş göndərilmişdir.