Xəbərlər

Güclü leysan yağışları yaşıllıq zolağına ciddi ziyan vurmuşdur

22 Sentyabr 2009, 00:00

2009-cu il 20 sentyabr tarixində Hacıqabul rayonu ərazisinə yağan güclü leysan yağışlarının sel axını ilə müşayiət olunması nəticəsində Ələt-Hacıqabul magistral yolunun 19-40-cı kilometrliyinin hər iki hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən salınmış yaşıllıq zolağı və yaşıllıqların suvarılması üçün nəzərdə tutulmuş müasir texnologiya ilə quraşdırılan damcılı suvarma sistemi də ciddi dağıntılara məruz qalmışdır.
Belə ki, magistral yolun hər iki tərəfindəki yaşıllıq zolağına lilli sel axını daxil olmuş və cavan ağacların gövdələrini sındırmış, həmçinin suvarma üçün quraşdırılan kiçik diametrli su borularını dağıdaraq avtomatik supaylayıcı mexanizmləri sıradan çıxarmışdır. Eyni zamanda güclü sel axını ərazidə inşa olunmuş 35000 m3-lik su anbarının bəndini də dağıtmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Hacıqabul rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birgə dərhal həmin əraziyə gələrək dəymiş ziyanın araşdırılmasına başlamışlar.
Hazırda ETSN-nin aidiyyəti qurumları ərazinin lildən təmizlənməsi, yaşıllıqların və damcılı suvarma sisteminin bərpası istiqamətində lazımi tədbirlər həyata keçirir.