Xəbərlər

Müəssisə rəhbərləri cərimələnib

08 Sentyabr 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin keçirdiyi monitorinqlər nəticəsində bir sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edilmişdir. Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparmışlar.
Qafqaz Konserv Zavodunda formalaşan məişət tullantı sularının təmizlənməsi üçün təmizləyici qurğunun quraşdırılmaması səbəbindən təmizlənməmiş və zərərsizləşdirilməmiş bütün nov tullantı suları müəssisənin yaxınlığından keçən kanal vasitəsilə Qudyalçaya axıdıldığı müəyyən olunmuşdur. Qeyd olunan faktla əlaqədar müəssisənin direktoru barəsində akt tərtib edilmiş, çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.
Xaçmaz rayonunun Nabran Xəzər sahili zolağında yerləşən “Geofizik” İstirahət Mərkəzində formalaşan məişət çirkab sularının bir qismi müqavilə əsasında Xudat şəhərində yerləşən “Dostluq” MMC-yə təhvil verilsə də, digər bir qisminin təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı aşkar olunmuşdur. Faktla əlaqədar cavabdeh şəxs 10 000 manat məbləğində cərimə olunmuş və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.
“Dostluq” MMC-nin məişət tullantı sularının təmizlənməsi üçün təmizləyici qurğusu olmadığından digər istirahət mərkəzlərindən müqavilə əsasında qəbul olunan məişət çirkab sularının təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı aşkar olunmuşdur. Qeyd olunanlarla əlaqədar “Dostluq” MMC hüquqi şəxs qismində 10 000 manat məbləğində cərimə olunmuş və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.