Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (avqust ayının III ongünlüyü üçün)

03 Sentyabr 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişlər.
Avqust ayının III ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının II ongünlüyünə nisbətən 71 m3/san azalaraq 147 m3/san təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, çirklənməyə məruz qalan Kür çayı və onun qollarına Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı dəfələrlə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri YVQH-dan artıq müşahidə edilmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 6, mis birləşmələri 7 dəfə yol verilən qatılıq həddini keçmişdir. Ammonium ionu norma daxilində olmuşdur. Ağstafaçay məntəqəsində suyun əsas çirkləndiricilərindən fenol və mis birləşmələri 7, Ağstafaçay su anbarında fenollar 6, mis birləşmələri isə 8 dəfə yol verilən qatılıq həddini keçmişdir.
Avqust ayının III ongünlüyündə Araz çayında suyun sərfi 63,6 m3/san olmuşdur. Aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri və fenollar 4, I Şahsevən məntəqəsində mis birləşmələri 4, fenollar 3, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri isə 4 dəfə YVQH keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.23-6.21 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.