Xəbərlər

Respublikanın çaylarında və Transsərhəd çaylarda mövcud vəziyyət

31 İyul 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə iyulun 28-də axşam və 29-da gecə yağan leysan yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçmişdir. Daşqınlar Balakən-Şəki bölgəsinin Balakənçay, Mazımçay, Talaçay, Kürmükçay, Kişçay, Şinçay, Quba-Xaçmaz bölgəsinin Qusarçay çayında müşahidə olunmuşdur.
Böyük və Kiçik Qafqazın çaylarında suyun səviyyəsi 30-35 sm artmışdır.
Hazırda ən yüksək sululuq Respublikanın Quba-Xaçmaz və Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 120-275, Qazax-Gəncə bölgəsi çaylarında normanın 135-145 faizini təşkil edir. Ən aşağı sululuq isə Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur və normanın 30-40 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Hal- hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 316 m3/san (ongünlük normanın 206 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 39 faizi olmaqla 60 m3/san olmuşdur.
Qanıx çayından Mingəçevir su anbarına axım isə 60 m3/san (ongünlük normanın 68 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 52 faizi olmaqla 46 m3/san olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2008-ci ildə 320 sm), Şirvanda 230 sm (2008-ci ildə 195 sm), Bankədə 267 sm (2008-ci ildə 285 sm) Araz-Novruzluda 100 sm (2008-ci ildə 103 sm) təşkil edir.

Böyük su anbarlarında hazırki vəziyyət
Şəmkir su anbarının hazırki səviyyəsi 154,14 metr təşkil edir (2008-ci ildə 152,73 metr), Mingəçevir su anbarının səviyyəsi 78,60 metr (2008-ci ildə 78,73 metr), Araz su anbarının səviyyəsi isə 775,38 metr (2008-ci ildə 771,27 metr) təşkil edir.