Xəbərlər

Yanğın təkcə floraya deyil, həm də insan sağlamlığına xətər yetirmişdir

21 İyul 2009, 00:00

20 iyul 2009-cu il tarixində təqribən saat 13:50 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkında yanğın hadisəsi qeydə alınmışdır. Yanğın Şirvan Milli Parkının Astara-Bakı magistral yolu boyunca təqribən 3 hektar ərazini əhatə etmişdir.
Baş vermiş yanğın nəticəsində Şirvan Milli Parkının Astara-Bakı magistral yolu boyunca yerləşən ərazisindəki ot örtüyünə və yulğun kollarına ziyan dəymişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının, Şirvan Milli Parkının, o cümlədən Salyan rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Salyan və Şirvan rayonlarında fəaliyyət göstərən bölmələrinin səyləri nəticəsində alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınmış, saat 16:30-da isə yanğın tamamilə söndürülmüşdür.
Yanğının vaxtında qarşısının alınması nəticəsində Şirvan Milli Parkında məskunlaşmış heyvanat aləminə heç bir zərər dəyməmişdir.
Mütəxəssislərin ilkin mülahizələrinə görə yanğına səbəb Astara-Bakı magistral yolu ilə hərəkət edən avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olmuş, əsən güclü cənub küləyi isə yanğının miqyasının artmasına şərait yaratmışdır.
Hazırda Şirvan Milli Parkına dəymiş maddi ziyanın həcmi müəyyən edilir. Yanğının səbəbləri və təqsirkarlar barədə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən təhqiqat aparılır.
Ümumiyyətlə, son bir ay ərzində vətəndaşların ehtiyatsızlığı və ətraf mühitə biganə münasibəti nəticəsində Ələt-Hacıqabul magistral avtomobil yolunun 38-ci kilometrliyinin yeni salınmış meşə əkini sahəsində, Xırdalan Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) ərazisində, Bakı-Quba yolunun 115-ci kilometrliyinin Dəvəçi MMBM-nin və 42-ci kilometrliyinin Giləzi Meşəsalma Müəssisəsinin ərazilərində iri və xırda miqyaslı yanğınlar baş vermişdir. Nəticədə təkcə floraya deyil, həm də insan sağlamlığına xətər toxunmuşdur.
Bələ ki, bu yanğınlardan birinin qarşısını alan zaman Nazirliyin Meşələrin İnkişafı Departamentinin əməkdaşı Əlzamin Talıbovu zəhərli ilan sancmış və hal-hazırda xəstəxanadadır.
Unutmayın ki, xırda bir ehtiyatsızlıq təkcə təbiətimizin məhvinə yönəlmir, həm də oddan yaranan fəsadların aradan qaldırılmasına çalışan insanların həyatını təhlükə altında qoyur.
ETSN bir daha əhalini meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır.