Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (iyul ayının I ongünlüyü üçün)

14 İyul 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişlər.
İyul ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının III ongünlüyünə nisbətən 171 m3/san azalaraq 263 m3/san təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, çirklənməyə məruz qalan Kür çayı və onun qollarına Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı dəfələrlə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri YVQH-dan artıq müşahidə edilmişdir.
Belə ki, Şıxlı-2, Ağstafaçay məntəqələrində, Ağstafaçay su anbarında suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri isə 3 dəfə yol verilən qatılıq həddini keçmişdir.
İyul ayının I ongünlüyündə Araz çayında suyun sərfi 49 m3/san olmuşdur. Aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 3, fenollar 2, Bəhramtəpə məntəqəsində mis birləşmələri 3, fenollar isə 2 dəfə YVQH keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.13-6.42 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.