Xəbərlər

Nazirliyin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 6 ay ərzində 212 akt və protokol tərtib edib

13 İyul 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları 2009-cu ilin ötən müddəti ərzində nəzarət etdiyi inzibati ərazilərdə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlı) müvafiq reyd və yoxlamalar keçirərək 212 akt və protokol tərtib etmişlər.
Təbiətə vurulmuş ziyana görə 135 iş üzrə 7664 manat 46 qəpik məbləğində iddia qaldırılmış, əvvəlki ildən qalan borc da daxil olmaqla 8662 manat 44 qəpik məbləğin ödənilməsi təmin edilmişdir.
Meşə ehtiyatlarının mühafizəsi və qorunması sahəsində Azərbaycan Respublikasının “Meşə Məcəlləsi”nin tələblərinə riayət olunması və qanunsuz olaraq meşələrin qırılmasının qarşısının alınması məqsədi ilə keçirilən araşdırmalar zamanı aşkar olunmuş qanun pozuntusu faktları ilə əlaqədar 71 akt və 3 inzibati protokol tərtib edilmişdir. Təbiətə vurulmuş ziyana görə 69 iş üzrə 5580 manat 22 qəpik məbləğində iddia qaldırılmış, əvvəlki ildən qalan borc da daxil olmaqla 6888 manat 34 qəpik məbləğin ödənilməsi təmin edilmişdir. Aşkar olunmuş qanun pozuntularına görə təqsirkar şəxslər barəsində inzibati qaydada 2 iş üzrə 1200 manat məbləğində cərimə tətbiq olunmuş, bundan 470 manat məbləğin ödənilməsi təmin edilmişdir. Xidməti ərazidə 212,8 m3 odun, 133,5 m3 çırpı və 3,76 m3 işlik meşə materialı və 1110 kq kömür qanunsuz daşındığı üçün sənədləşdirilmiş, bundan 9 m3 odun, 1,76 m3 işlik meşə materialı müsadirə olunaraq Lənkəran Meşə Müəssisəsi və Bərpası Müəssisəsinə təhvil verilmişdir.
Heyvanlar aləminin mühafizəsi və qorunması sahəsində Azərbaycan Respublikasının “Heyvanat aləmi haqqında” qanunun tələblərinin pozulması ilə əlaqədar 1 akt tərtib edilmiş, təbiətə dəymiş ziyana görə 30 manat məbləğində iddia hesablanmış və ödənilmişdir.
Yerin təkinin və torpaq ehtiyatlarının mühafizəsi sahəsində yerin təkindən qanunsuz istifadəyə görə hüquqi və fiziki şəxslər barəsində 65 akt və 3 protokol tərtib edilmişdir. Xidməti ərazidə 268 m3 qum, 21 m3 çınqıl və 5 m3 qarışıq süxur qanunsuz daşındığı üçün sənədləşdirilmişdir. Təbiətə vurulmuş ziyana görə 65 iş üzrə 2054 manat 24 qəpik məbləğində iddia qaldırılmış, bundan 1744 manat 10 qəpik məbləğin ödənilməsi təmin olunmuşdur. Aşkar edilmiş qanun pozuntularına görə təqsirkar şəxslər barəsində inzibati qaydada 11 iş üzrə 6600 manat məbləğində cərimə tətbiq edilmiş, bundan 2480 manat məbləğin ödənilməsi təmin olunmuşdur.
Atmosfer havasının və su ehtiyatlarının mühafizəsi sahəsində Azərbaycan Respublikasının “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun tələblərinə riayət olunması vəziyyətinin yoxlanması ilə əlaqədar 7 akt, su ehtiyatlarının mühafizəsinin vəziyyətini yoxlamaq məqsədilə isə 18 akt tərtib edilmişdir. Aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasına dair 15 məcburi göstəriş verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.03.1992-ci il tarixli 122 saylı qərarına müvafiq olaraq atmosfer havasına atılan tullantılara görə hesablanmış 10128 manat, su ehtiyatlarından istifadəyə və ətraf mühitin çirklənməsinə görə 1949 manat məbləğin ödənilməsi təmin edilmişdir.
İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması ilə əlaqədar aşkar edilmiş faktlar əsasında 36 akt və 8 protokol tərtib olunmuş, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasına dair 18 məcburi göstəriş verilmişdir. Törədilmiş inzibati xətalarla əlaqədar təqsirkar şəxslər barəsində 9 iş üzrə inzibati qaydada 20300 manat məbləğində cərimə tətbiq edilmiş, bundan 2050 manat məbləğin ödənilməsi təmin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 122 saylı qərarına müvafiq olaraq tullantıların yerləşdirilməsinə görə 5216 manat məbləğin ödənilməsi təmin olunmuşdur.