Xəbərlər

ETSN əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır

10 İyul 2009, 00:00

2009”“cu il 09 iyul tarixində saat 13:45 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin 1 saylı Yaşıllaşdırma Müəssisəsi tərəfindən 2008-ci ildə Ələt-Hacıqabul magistral avtomobil yolunun 38-ci kilometrliyində salınmış meşə əkini sahəsində yanğın hadisəsi baş vermişdir. Yanğın 0,68 hektara yaxın ərazini əhatə etmişdir.
Baş vermiş meşə yanğını aşağı növlü, orta intensivlikli olmaqla, sahədəki ot örtüyü və tinglərin 10 faizinin inkişafdan qalma dərəcədə yanmasına səbəb olmuş, həmçinin ərazinin suvarılması üçün quraşdırılmış suvarma şəbəkəsinə daxil olan nazik ölçülü boruların bir hissəsinə ciddi ziyan vurmuşdur.
Yanğın qısa müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının əməkdaşları, habelə hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları, həmçinin Hacıqabul rayon İcra Hakimiyyəti rəhbərliyinin operativ səyləri nəticəsində söndürülmüşdür.
Eyni zamanda 2009-cu il 10 iyul tarixində təxminən gecə saat 2:30 radələrində Dəvəçi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisinə daxil olan Bakı-Quba yolunun 10-cu kilometrliyində naməlum səbəbdən quru otlara od düşməsi nəticəsində daha bir yanğın hadisəsi baş vermiş və alov meşə fondu torpaqlarına keçmişdir. Nəticədə 3 hektara yaxın ərazidə ot örtüyü yanmışdır.
Dəvəçi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və əhalinin səyləri nəticəsində alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınmışdır.
Nazirliyin Meşələrin İnkişafı Departamenti tərəfindən aparılmış ilkin araşdırmalara görə yanğınlara səbəb avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olmuşdur. Yanğınların başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq komissiya yaradılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır.