Xəbərlər

Salyan rayonunun Kürqaraqaşlı və Qarabağlı kəndlərində yeni quraşdırılmış modul tipli sutəmizləyici qurğulara baxış keçirilib

02 İyul 2009, 00:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006”“cı ilin 28 sentyabr tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006”“2010”“cu illər üzrə Kompleks Tədbirlər Planı”nın həyata keçirilməsi və ətraf mühitin sağlamlaşdırılması istiqamətində məqsədyönlü işlər aparılır.
Kompleks Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” və 2008-ci il 20 noyabr tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamlarda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi istiqamətində işlər uğurla həyata keçirilir.
Belə ki, ölkə rəhbərinin müvafiq sərəncamlarına uyğun olaraq 2007-ci ildə 8 rayon, 2008-ci ildə isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 rayonun (Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Babək və Şərur) 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmış və 224 min əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub.
2009-cu il 2 iyul tarixində Salyan rayonunun Kürqaraqaşlı və Qarabağlı kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğulara baxış keçirilib.
Quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Kürqaraqaşlı kəndinin 2420 nəfər əhalisi gün ərzində 50 m3 sutəmizləmə gücünə malik 13 bulaq, Qarabağlı kəndinin 5187 nəfər əhalisi isə gün ərzində 100 m3 sutəmizləmə gücünə malik 20 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcəklər.