Xəbərlər

Əhalinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

26 İyun 2009, 00:00

Son illərdə Azərbaycan Respublikasında əhalinin ekoloji tələblərə cavab verən içməli su ilə təminatı və onun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
2007-ci və 2008-ci illərdə ölkəmizin 12 rayonunun, o cümlədən Naxçıvan Muxtar Respublikasının 2 rayonu daxil olmaqla, 122 kənd yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, bu da 224 min nəfər əhalini içməli su ilə təmin etmişdir.
Azərbaycan Respublikasında əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi ilə qərara alıram:

Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə həmin çayların sahilboyunca yerləşən rayonların əlavə 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 25 iyun 2009-cu il.