Təbiət ərazilərində və onların ətrafında yanğın təhlükəsinin qarşısının alınması məqsədilə qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir
24 İyun 2009, 00:00
Respublikamızın ərazisində havaların isti və quraq keçməsi ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublikamızın meşələrində,
həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Haqqında Qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.
Meşə yanğınlarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturları ilə birgə hazırlanmış tədbirlər planına uyğun olaraq ETSN-nin Fövqəladə Hallar Mərkəzi və bütün meşə müəssisələrinin meşə mühafizə mühəndisləri, meşəbəyiləri, yanğın keşikçilərinin iştirakı ilə təlim-məşqlər keçirmişdir. Bundan əlavə yanğın təhlükəsi gözlənilən ərazilərdə 671 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqlar çəkilmiş, 595 kilometr köhnə zolaqlar isə təmir edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mərkəzi və yerli qurumları tərəfindən bu təhlükənin qarşısını almaq üçün Meşə Mühafizəsi və Bərpası Müəssisələrində texniki avadanlıqlarla təchiz olunmuş növbətçiliklər təşkil edilmiş, yerlərdə taxıl məhsullarının biçini zamanı fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılmaqla yanaşı, bir çox meşəətrafı ərazilərdə minerallaşdırılmış zolaqların yaradılması üçün müvafiq tədbirlər görülmüşdür. Nəticədə respublikamızın ərazisində meşə yanğını hadisələrinin sayı əvvəlkı illərə nisbətən minimuma endirilmişdir. Lakin buna baxmayaraq, bəzi rayonların fermer təsərrüfatları və fiziki şəxsləri tərəfindən taxıl biçinindən sonra kövşənliklərin, mülkiyyətçilərin pay torpaqlarına daxil olan ərazilərdəki kolluqların, yol kənarlarında mövcud olan yaşıl bitki örtüyünün yandırılması hallarına yol verilir. Bunun nəticəsində də torpağın humus qatının keyfiyyət göstəricilərinin çox ciddi şəkildə pozulması ilə yanaşı, həm də bir sıra hallarda, dövlət meşə fonduna daxil olmayan, lakin ətraf mühitin sabitliyinin təmin olunmasında əvəzsiz əhəmiyyət kəsb edən yaşıllıqlar korlanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.