Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (iyun ayının II ongünlüyü üçün)

23 İyun 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişlər.
İyun ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının I ongünlüyünə nisbətən 237 m3/san artaraq 575 m3/san təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, çirklənməyə məruz qalan Kür çayı və onun qollarına Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı dəfələrlə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri YVQH-dan artıq müşahidə edilmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar və mis birləşmələri 2 dəfə, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri isə 2 dəfə yol verilən qatılıq həddini keçmişdir.
İyun ayının II ongünlüyündə Araz çayında suyun sərfi 75 m3/san olmuşdur. Aparılan monitorinqlərin nəticələrinə görə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar 3, I Şahsevən məntəqəsində mis birləşmələri 3, fenollar 2, Bəhramtəpə məntəqəsində mis birləşmələri 3, fenollar isə 2 dəfə YVQH keçmişdir.
Bəzi məntəqələrdə ammonium ionları normadan bir qədər artıq olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə 4.46-6.47 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.