Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (may ayının II ongünlüyü üçün)

25 May 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə may ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişlər.
May ayının II ongünlüyündə Kür çayında suyun sərfi may ayının I ongünlüyünə nisbətən 31 m3/san azalaraq 535 m3/san təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2 dəfə, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 2, Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 109 m3/san olmuşdur. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar 3, I Şahsevən məntəqəsində mis birləşmələri və fenollar 3, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri 2, fenollar isə 3 dəfə YVQH keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.17-6.11 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.