Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (may ayının I ongünlüyü üçün)

14 May 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə may ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
May ayının I ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının III ongünlüyünə nisbətən 315 m3/san artaraq 566 m3/san təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2 dəfə, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 2, Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Biogen maddələrdən ammonium və nitrit ionları dəfələrlə YVQH keçmişdir.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 115 m3/san olmuşdur. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar 3, I Şahsevən məntəqəsində mis birləşmələri və fenollar 3, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri 3, fenollar isə 2 dəfə YVQH keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.17-5.81 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.