Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (aprel ayının III ongünlüyü üçün)

04 May 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə aprel ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Aprel ayının III ongünlüyündə Kür çayında suyun sərfi II ongünlüyə nisbətən 12 m3/san artaraq, suyun sərfi 251 m3/san təşkil etmişdir. Bu da ongünlük normanın 94 faizi deməkdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar və mis birləşmələri 3 dəfə, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 100 m3/san olub, ongünlük normanın 57 faizini təşkil etmişdir. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 3, fenollar 2, I Şahsevən məntəqəsində mis birləşmələri 3, fenollar 2, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri və fenollar 2 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.43-6.74 mq/l arasında dəyişərək sanitar norma daxilində olmuşdur.