Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2009-cu ilin 3 ayı ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 650 akt və protokol tərtib edib

01 May 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin ötən 3 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 650 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 169 icrası məcburi olan göstərişlər verilmişdir.
25 iş üzrə sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına, 85 iş Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına, 56 iş isə Rayon Məhkəmələrinə göndərilmişdir.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 127 iş üzrə 249224,5 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 30387,35 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 217 iş üzrə 219027,71 manat məbləğində iddia qaldırılmış, ondan 14964,05 manatın ödənilməsi təmin edilmişdir. 602 iş üzrə 318735,2 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 76070,3 manatın ödənilməsi təmin olunmuşdur.
Su ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi sahəsində dövlət nəzarətinin tətbiqi nəticəsində 103 akt və protokol tərtib olunmuş, idarə və müəssisələrə 43 icrası məcburi olan göstəriş verilmişdir. Su ehtiyatlarının mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 30 iş üzrə 63430 manat cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyana görə 5 iş üzrə 91612,5 manat məbləğində iddia qaldırılmışdır. 115 iş üzrə 248132,87 manat məbləğində cərimə tətbiq olunmuşdur.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 118 akt və protokol tərtib olunmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 59 icrası məcburi olan göstəriş verilmişdir. Atmosfer havasının mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 9 iş üzrə 76770 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 4 iş üzrə isə 13016,6 manat məbləğində iddia qaldırılmışdır. 355 iş üzrə 51308,43 manat ödəmə tətbiq edilmişdir.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 10 akt və protokol tərtib olunmuşdur. Çatışmazlıqların aradan qaldırılması üçün 1 icrası məcburi göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdikliklərinə görə hüquqi və fiziki şəxslərə 1 iş üzrə 600 manat cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 1 iş üzrə 80 manat məbləğində iddia qaldırılmış, 7 iş üzrə 495 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 74 akt və protokol tərtib olunmuş, aşkar olunmuş nöqsanlara görə 9 icrası məcburi olan göstəriş verilmişdir. 18 iş üzrə 31200 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 50 iş üzrə 81890,3 manat məbləğində isə iddia qaldırılmışdır. 11 iş üzrə 2218,0 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Tullantıların idarə olunması sahəsində dövlət nəzarətinin mövcud qanunvericiliyə uyğun tətbiqi nəticəsində 116 akt və protokol tərtib olunmuş, idarə və müəssisələrə 46 icrası məcburi göstəriş verilmişdir. Aşkar olunmuş qanun pozuntularına görə 21 iş üzrə 43060 manat cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 1 iş üzrə 75 manat iddia qaldırılmışdır. 114 iş üzrə 16580,9 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 179 akt və protokol tərtib olunmuş, idarə və müəssisələrə 11 icrası məcburi olan göstəriş verilmişdir. Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 36 iş üzrə 24864,5 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 111 iş üzrə 14469,31 manat məbləğində iddia qaldırılmışdır.
Faunanın mühafizəsi sahəsində dövlət nəzarətinin mövcud qanunvericiliyinin tətbiqi nəticəsində 20 akt və protokol tərtib olunmuşdur. Bu sahədə aşkar olunmuş qanun pozuntularına görə 12 iş üzrə 9300 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 1 iş üzrə 30 manat məbləğində iddia qaldırılmışdır.
Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 30 akt və protokol tərtib olunmuş, dəymiş ziyanla bağlı 44 iş üzrə 17854 manat iddia qaldırılmışdır.