Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (aprel ayının I ongünlüyü üçün)

17 Aprel 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə aprel ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Aprel ayının I ongünlüyündə Kür çayında suyun sərfi mart ayının III ongünlüyünə nisbətən (2 m3/san) azalmışdır. Belə ki, suyun sərfi 267 m3/san təşkil etmişdir. Bu da ongünlük normanın 99,3 faizi deməkdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi qeydə alınmışdır.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 5 dəfə, Ağstafaçay məntəqəsində fenollar norma daxilində, mis birləşmələri 2, Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 9,24 m3/san olub, ongünlük normanın 5,3 faizini təşkil etmişdir. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 4, fenollar 2, I Şahsevən məntəqəsində mis birləşmələri 3, fenollar 2, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir. Həmin məntəqədə fenollar norma daxilində olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.94-7.94 mq/l arasında dəyişərək sanitar norma daxilində olmuşdur.