Xəbərlər

Gənc nəslin ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsi məqsədilə Sumqayıt Dövlət Universitetində seminar keçirilmişdir

01 Noyabr 2013, 00:00

Ali təhsil müəssisələrində təhsil alan tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji təfəkkürünün təkmilləşdirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi olaraq maarifləndirici seminarlar keçirilir.
Bu istiqamətdə növbəti tədbir 01 noyabr 2013-cü il tarixində Sumqayıt Dövlət Universitetində baş tutmuşdur. Tədbirdə Nazirliyin mütəxəssisləri ilə yanaşı, Universitetin rəhbərliyi, yerli istehsalat müəssisələrinin əməkdaşları, alimlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.

200-ə yaxın tələbənin iştirakı ilə baş tutan seminarda çıxış edən universitetin rəhbərliyi və ekologiya və təbiətdən istifadə kafedrasının professor heyəti, elmi-tədqiqat institutlarının alimləri dünyada baş verən ekoloji proseslər və gənc nəslin ətraf mühitin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılmasının vacibliyi barədə mühazirələr oxumuş, tələbələrin suallarını cavablandırmışdır.

Seminarda iştirak edən Ekologiya Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət barədə təqdimatla çıxış edilmiş, görülmüş işləri əks etdirən film nümayiş etdirilmiş və bu istiqamətdə gənclərin fəal rolundan danışılmışdır.

Tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, yaşıl iqtisadiyyat və davamlı inkişaf, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi və s. mövzularda geniş informasiya verilmiş, həmçinin tələbələri maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Tədbirdə eyni zamanda ali təhsil müəssisələrində yaradılmış ekoklubların tələbələrin ekoloji biliklərinin artırılmasında vacib rol oynayacağı bildirilmişdir.

Məlumat üçün qeyd edirik ki, Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə ali təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı çərçivəsində ölkədə fəaliyyət göstərən 30-dan artıq ali təhsil müəssisəsində “Ekoklub”lar yaradılmış və bu klublara ümumilikdə 1000-ə yaxın aktiv tələbə üzv olmuşdur.

“Ekoklub”ların yaradılmasının əsas məqsədi ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği, həmçinin, Nazirliyin gələcəkdə yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması, ali təhsil müəssisələrinin ətraf mühit sahəsində təhsil alan tələbələri ilə daimi əlaqənin yaradılması və təbliğat sahəsində geniş şəbəkənin formalaşdırılmasından ibarətdir.