Xəbərlər

Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsi (fevral ayının I ongünlüyü üçün)

17 Fevral 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir. Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi qeydə alınmışdır.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenol və mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olmuşdur.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Belə ki, suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz, I Şahsevən və Bəhramtəpə məntəqələrində 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Mis birləşmələri isə Horadiz və Bəhramtəpə məntəqələrində 3, I Şahsevən məntəqəsində isə 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Həmin məntəqələrdə neft məhsullarının miqdarının 1.2-1.4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçməsi müşahidə olunmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.63-9.78 mq/l arasında dəyişərək sanitar norma daxilində olmuşdur.