Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (yanvar ayının II ongünlüyü üçün)

02 Fevral 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvar ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir. Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi qeydə alınmışdır .
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən mis birləşmələri 4, Ağstafaçayda fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar norma daxilində olmuşdur.
Biogen maddələr bütün məntəqələrdə normadan bir qədər artıq müşahidə olunmuşdur. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Belə ki, suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz və I Şahsevən məntəqələrində 3, Bəhramtəpə məntəqəsində 2, mis birləşmələri isə Horadiz məntəqəsində 4, I Şahsevən və Bəhramtəpə məntəqələrində 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddələr bütün məntəqələrdə normadan bir qədər artıq müşahidə olunmuşdur ki, bunun da səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.98-9.32 mq/l arasında dəyişərək sanitar norma daxilində olmuşdur.