Xəbərlər

Ekspedisiya qrupu Cənub qütbünün 34 kilometrliyindədir

24 Yanvar 2009, 00:00

Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti H.Bağırovun başçılıq etdiyi “Azərbaycan-Antarktida” ekspedisiya qrupunun “İridium” peyk rabitə sistemi vasitəsi ilə verdiyi məlumata görə, hazırda ekspedisiya Cənub qütbünün 34 kilometrliyində olmaqla, 3000 metr qalınlığında buz qatının üzərində hərəkət edir. Çətin hava şəraitinə baxmayaraq ekspedisiya öz elmi proqramını yerinə yetirməyə çalışır və bu məqsədlə qrup meteoroloji və iqlimlə bağlı 459 müşahidə- ölçmə işləri aparıb.
Ümumiyyətlə, ekspedisiyanın hərəkət sürəti bilavasitə hava şəraitindən asılıdır. Belə ki, daha aşağı temperaturda (mənfi 42-44 dərəcə) təxminən 8-9 saat ərzində 10-11 km hərəkət etməyi bacaran ekspedisiya üzvləri nisbətən mülayim hava şəraitində (mənfi 27-28 dərəcə) daha çox, təxminən 15 km məsafə qət edə bilirlər. Qalan saatlarını isə onlar itirilmiş enerjilərinin bərpasına sərf edirlər.
Ekspedisiya üzvlərinin verdiyi məlumata görə, Cənub qütbünə doğru hərəkət etdikləri müddətdə qeydə alınan ən yüksək temperatur mənfi 28, ən aşağı temperatur isə mənfi 44 dərəcə olmuşdur.
Qeyd edək ki, hər bir insan gündəlik fəaliyyəti zamanı orta hesabla 1600 kalori enerji sərf etdiyi halda, soyuq hava şəraitində və qeyri-adi vəziyyətdə Cənub qütbünə doğru irəliləyən “Azərbaycan-Antarktida” ekspedisiyasının üzvləri isə gün ərzində təxminən 6000 kalori enerji itirir.
Xatırladaq ki, 2008-ci il dekabrın 24-də Bakıdan yola düşən ilk “Azərbaycan-Antarktida” ekspedisiya qrupu dəniz səviyyəsindən 5140 metr yüksəklikdə yerləşən Vinson dağının zirvəsinə qalxmış və bir üzündə Ulu Öndər Heydər Əliyevin şəkli, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri, digər tərəfində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəkli, “Azərbaycan İlhamla irəli” sözləri yazılmış bürünc lövhəni 2009-cu il yanvar ayının 12-də Bakı vaxtı ilə saat 11-00-da dağın zirvəsinə sancmışdır.
Ekspedisiyanın Cənub qütbünə doğru hərəkəti davam edir.