Xəbərlər

İlk “Azərbaycan-Antarktida” ekspedisiya qrupunun Cənub qütbünə yürüşü davam edir

22 Yanvar 2009, 00:00

Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi “Azərbaycan-Antarktida” ekspedisiya qrupu Antarktidanın ən yüksək nöqtəsi olan Vinson dağının zirvəsinə qalxdıqdan sonra Cənub qütbünə doğru irəliləməkdə davam edir. Ekspedisiya qrupunun “İridium” peyk sistemi vasitəsi ilə verdiyi məlumata görə, Cənub qütbünə olan 115 km-lik məsafənin təxminən 60 km-i qalıb. Bu yolun gedilməsində ekspedisiya üzvləri xizək və buzda yerimək üçün qırmaqlı çəkmədən istifadə edirlər.
Cənub qütbünə doğru irəliləyən qrup üzvləri gün ərzində orta hesabla 10-12 km məsafənin qət edilməsinin mümkünlüyü barədə məlumat verib. Amma bildirildiyinə görə, son 2 gündə hava şəraitinin nisbətən mülayim keçməsi səbəbindən gün ərzində 15 km yol getməyə müvəffəq olunub. Ekspedisiyanın keçdiyi ərazilərdə hazırda dəyişkən hava şəraiti hökm sürür və orta temperatur təxminən mənfi 35-40 dərəcəyə bərabərdir.
Ekspedisiya qrupunun verdiyi məlumatda bildirilir ki, yol boyu rast gəlinən dağ-qaya çıxıntılarından nümunələr götürülür.
Qeyd edək ki, dəniz səviyyəsindən təxminən 3000 metr yüksəklikdə buz üzərində addımlayan ekspedisiya üzvləri öz ərzaq ehtiyatlarını və digər yüklərini kirşə vasitəsi ilə arxalarınca aparırlar.
Cənub qütbünə doğru istiqamət götürən Azərbaycan ekspedisiyası Cənubi Afrika Respublikasının “Afrika üçün sülh” bayrağı aparan ekspedisiyasının ingilis və holland mənşəli 4 nəfərlik qrupu ilə yanbayan irəliləyir.
Xatırladaq ki, 2008-ci il 24 dekabr tarixində ilk “Azərbaycan-Antarktida” ekspedisiya qrupu Bakıdan yola düşmüşdür.