Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (dekabr ayının I ongünlüyü üçün)

17 Dekabr 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları tərəfindən Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə dekabr ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirilmişdir. Monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunur.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3 dəfə, Ağstafaçayda fenollar 3, mis birləşmələri 2 dəfə, Ağstafaçay su anbarında isə fenol və mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddələrdən ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 2.4, Ağstafaçayın Qazax məntəqəsində 2.7, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Buna səbəb Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Suyun əsas çirkləndiricilərindən olan fenollar çayın Horadiz məntəqəsində 4, I Şahsevən məntəqəsində 3, Bəhramtəpə məntəqəsində 2, mis birləşmələri isə hər üç məntəqədə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1.1, Bəhramtəpə məntəqəsində 1.5, I Şahsevən məntəqəsində isə 1.4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Bunun da əsas səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.07-7.08 mq/l arasında dəyişərək sanitar norma daxilində olmuşdur.