Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad olunmuşdur

12 Dekabr 2008, 00:00

Dekabrın 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin banisi, xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoymuş, onun əziz xatirəsini dərin ehtiramla anmış, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzmüşlər.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının beşinci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov ulu öndərin müstəqil Azərbaycanın yaranmasında və möhkəmlənməsindəki xidmətlərindən danışmış, onu böyük siyasətçi kimi xarakterizə etmiş və bildirmişdir ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin fəaliyyəti dövründə ölkədəki ekoloji problemlər həmişə xüsusi diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görülmüşdür.
Çıxışının sonunda H.Bağırov qeyd etmişdir ki, müdrik rəhbərin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də gündəlik işdə rəhbər tutulmaqdadır. Ümummilli Lider Heydər Əliyevin başladığı işlər, ideyalar onun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Anma mərasimində iştirak edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da çıxış edərək qeyd etmişdir ki, Heydər Əliyev irsi xalqımız üçün zəngin, mənəvi sərvətdir. Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu kimi tariximizdə iz qoyub. Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya nəticəsində inkişaf edir və güclənir.
YAP rəsmisi çıxışında Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinin böyük əhəmiyyət kəsb etdiyini və hazırda bu siyasətin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də vurğulamışdır.
İllər keçdikcə saf, zəngin təbiəti olan Azərbaycanda xoşbəxt böyüyən, yaşayan insanlar hər dəfə böyük öndərimiz Heydər Əliyevi anacaq, onun xalqı, Vətəni, torpağı üçün etdiklərini minnətdarlıq hissi ilə yad edəcəklər.