Xəbərlər

“Ekologiya və mən” mövzusunda “Breyn-Rinq” bilik yarışması keçirilmişdir

01 Dekabr 2008, 00:00

Respublikamızın flora və faunasını tanıtmaq, öyrətmək, ona qayğı ilə yanaşmağı aşılamaq, gənc nəsildə ekoloji mədəniyyətin ilkin vərdişlərini formalaşdırmaq və onlar arasında ekoloji təbliğatı genişləndirmək məqsədilə 29 noyabr 2008-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində “Ekologiya və mən” mövzusunda “Breyn-Rinq” bilik yarışması keçirmişlər.
Tədbirdə Dövlət Neft Şirkəti, Davamlı İnkişaf Cəmiyyəti (QHT), Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Korelenko adına kitabxananın nümayəndələri iştirak etmişlər.
“Ekoloji problemlər”, “Ətraf mühit”, “Bioloji müxtəliflik” və “Təbii resurslar” ekorinqlərindən ibarət təşkil olunan bilik yarışında Nizami rayonunun 201 saylı məktəbinin “Şahin” və 220 saylı məktəbinin “Zirvə”, Səbail rayonunun isə 189 saylı məktəbinin “Xəzər” komandaları yarışmışlar. Komandalar hər ekorinqdə 6 sualı cavablandırmışlar.
Hər ekorinqin sonunda münsiflər heyəti (Bakı Dövlət Universitetinin professoru Şövqi Göyçaylı, AMEA-nın müxbir üzvü Pənah Murad, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun direktoru Rza Mahmudov və ARDNŞ-ın nümayəndəsi Sərvət Nəcəfov) komandaların cavablarını qiymətləndirmişlər.
Ekorinqarası fasilədə isə şagirdlər mahnı və şer söyləmiş, rəqs etmiş və səhnəcik göstərmişlər.
Bilik yarışında fərqlənənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diplom və hədiyyələri ilə təltif olunmuşlar.
Tədbirin sonunda Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, ARDNŞ, Davamlı İnkişaf Cəmiyyəti (QHT) və Korelenko adına kitabxananın nümayəndələri də yarışda iştirak edən komandaları hədiyyə ilə mükafatlandırmışlar.
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi, ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji problemlərin müzakirəsi, ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması, təbiətdən davamlı istifadənin təmin olunması məqsədilə gələcəkdə də bir sıra məktəblərdə müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur.