Xəbərlər

Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 9 ay ərzində keçirilən monitorinqlərin nəticələri

05 Noyabr 2008, 00:00

Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti 2008-ci ilin 9 ayı ərzində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, ətraf mühitin radioaktiv çirklənməsi üzərində monitorinq fəaliyyətini, o cümlədən, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılmasını həyata keçirmişdir.
Atmosfer havasının çirklənməsinin monitorinqi departamentin əməkdaşları tərəfindən ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılmışdır. Bu şəhərlərdə 2008-ci ilin 9 ayı ərzində atmosfer havasının fon tərkibi və hər bir şəhərin sənaye profilinə uyğun spesifik zərərli maddələr (toz, kükürd qazı, dəm qazı, azot 4-oksid, azot 2- oksid, hidrogen sulfid, his, bərk flüorid, xlor birləşməsi, civə, ammonyak, sulfat turşusu, formaldehid, furfurol və həll olmuş sulfat birləşmələri) üzrə 71850 nümunə götürülmüş və həmin nümunələr üzərində 72388 analiz aparılmışdır.
Bu dövr ərzində aparılmış monitorinqlərin nəticələrinin təhlilləri göstərmişdir ki, Bakı şəhərində tozun miqdarı normadan 1,3 dəfə, azot 4-oksidin qatılığı isə 2,2 dəfə çox olmuşdur. Formaldehidin konsentrasiyası yanvar-iyun aylarında norma həddində olsa da, iyul, avqust və sentyabr aylarında normadan 1,3 dəfə çox olmuşdur. Hidrogen flüorid və xlor birləşmələri yanvar-aprel aylarında normadan 1,3 dəfə çox, iyul, senyabr aylarında norma həddində, iyun, avqust aylarında isə normadan aşağı olmuşdur. Lakin bu çirklənmə lokal xarakter daşıyır. Belə ki, Sumqayıt şəhərindən atmosfer axınları ilə daşınan çirkləndiricilərin (hidrogen flüorid və xlor birləşmələri) miqdarı Binəqədi rayonunun ərazisində fəaliyyət göstərən müşahidə məntəqəsində qeydə alınır.
Sumqayıt şəhərində də əsas çirkləndiricilərdən dövr ərzində tozun orta qatılığı 1,3 dəfə, azot 4-oksidin və hidrogen flüoridin orta qatılığı 2,2 dəfə, xlor birləşmələrinin isə 2,7 dəfə yol verilən qatılıq həddindən (YVQH) çox olmuşdur. Gəncə və Mingəçevir şəhərlərində toz, Şirvan şəhərində isə azot 4-oksid 1,3 dəfə YVQH-ni keçmişdir. Naxçıvan, Şəki və Lənkəran şəhərlərinin atmosfer havasında çirkləndirici maddələr norma daxilində olmuşdur.
Atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində-Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq və cənub yamacları, eləcə də Lənkəran zonasında 21 məntəqədə 11 göstərici üzrə (pH, sulfat, nitrat, fosfat, ammonium, xlor, kalsium, maqnezium, codluq, elektrik keçiriciliyi və hidrokarbonat ionları) aparılmışdır. İlin 9 ayı ərzində iqlim şəraitindən asılı olaraq bu məntəqələrdən 199 yağıntı (yağış, qar) nümunəsi daxil olmuş və bu nümunələr üzərində 2145 analiz aparılmışdır.
Ölkə ərazisinə düşən yağıntılar xüsusiyətinə görə neytral mühiti əks etdirmişdir. Analizlərin nəticələrinə görə yağıntılarda ionların ən az miqdarı Şəkidə (36,1 mq/l), Lənkəranda (53,6 mq/l), ən çox miqdarı isə Sumqayıtda (455,4 mq/l), Pirallahıda (455,4 mq/l) və Bakıda (308,1 mq/l) qeydə alınmışdır. Yağıntıların tərkibində ionların əsas hissəsini hidrokarbonat, sulfat, xlorid, kalsium, nitrat ionları təşkil etmişdir.
Səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 10 göl, 4 sututarı, 1 liman) 50 müşahidə məntəqəsində və eləcə də Qazax və Beyləqan analitik tədqiqatlar laboratoriyalarında aparılmışdır. 2008-ci ilin 9 ayı ərzində bu istiqamətdə detergentlər, neft məhsulları, fenollar, üzvi oksidləşdiricilər, xlorüzvi pestisidlər, ağır metallar, suyun mineral tərkibi üzrə 4807 analiz aparılmışdır. Analizlərin nəticələrinə görə Kür çayında Gürcüstanla sərhədə yaxın məntəqələrdə suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri YVQH-ni dəfələrlə keçmişdir. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar və mis birləşmələri 4, Ağstafaçayda fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir. Biogen maddəllərdən nitrat norma daxilində olsa da, ammonium ionları Ağstafaçayda 1,2, nitrit ionları isə Kür çayının Şıxlı-2 və Ağstafaçay məntəqələrində 1,2-1,5 dəfə YVQH-ni keçmişdir. Ermənistan tərəfindən çirklənməyə məruz qalan Araz çayında da mis və fenolların miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Analizlərin təhlili göstərir ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4 dəfə, Bəhrəmtəpədə fenollar 2, mis birləşmələri 3 dəfə, I Şahsevən məntəqəsində fenollar 4, mis birləşmələri isə 3 dəfə YVQH-ni keçmişdir. Biogen maddəllərdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1,1, Bəhəmtəpədə 1,7, I Şahsevəndə isə 1,8 dəfə YVQH-ni keçmişdir.
Ölkə ərazisində torpaqların fon tərkibinin pestisidlərlə, ağır metallarla və neft məhsulları ilə çirklənməsinin öyrənilməsi üçün “Bibi-Heybətneft”, “Suraxanıneft” “Binəqədineft”, Tağıyev və Əmirov adına NQÇİ-lərin ərazilərindən, “Balaxanıneft” NQÇİ-nin yaxınlığında yerləşən Sabunçu qəsəbəsinin ərazisindən və buruqlar arasından götürülmüş torpaq nümunələrində analizlər aparılmışdır. Torpaqların çirklənməsinin monitorinqi üzrə götürülmüş 646 nümunə üzərində 2801 kimyəvi analiz aparılmışdır. Analizlərin nəticələrinə görə neft məhsullarının miqdarı “Binəqədineft” NQÇİ-nin ərazisində 11-25, “Balaxanıneft” NQÇİ-nin ərazisində 14-43, Əmirov adına NQÇİ-nin ərazisində 14-56, Suraxanı qəsəbəsinin ərazisində isə 4-13 dəfə normanı keçmişdir.
Kənd təsərrüfatı torpaqlarından götürülmüş nümunələrdə xlorüzvi, fosforüzvi pestisid və herbisidlərin qalıq miqdarının təyini, radiometrik ölçmələrin aparılması məqsədi ilə Ağsu, Beyləqan və Ağcabədi rayonlarının ərazilərində yaz və payız mövsümlərində çöl-tədqiqat işləri yerinə yetirilmişdir. Ayrı-ayrılıqda rayonların hər birinin ərazisində 5 təsərrüfat seçilməklə, kənd təsərrüfatı torpaqlarından ümumilikdə 150 nümunə götürülmüş və analiz olunmuşdur.
Bakı, Sumqayıt şəhərlərinin ərazi və ətraf torpaqlarının texnogen (ağır metallarla) çirklənməsinin tədqiqi məqsədi ilə Bakı şəhərinin sənaye zonasından qərb, cənub-qərb, şərq, şimala doğru dörd istiqamətdən və sənaye müəsissələrinin ərazilərindən, Sumqayıt şəhərinin sənaye zonasından şimal-qərb, cənub-qərb, şərqə doğru üç istiqamətdən və zavodların ərazisindən (Superfosfat, Boru-Kəmər, Alüminium, Kimya Sənayesi İB, Süni Yuyucu Məhsulları, İEM-1, İEM-2, Üzvi Sintez İB, Süni Kauçuk, Aşqarlar zavodları) ümumilikdə 228 torpaq nümunəsi götürülərək analiz edilmişdir.
Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr gündə 3 dəfə olmaqla ölkənin bütün bölgələri üzrə 41 məntəqədə aparılmışdır.
Atmosfer aerozollarının β-radioaktivliyi üzərində müşahidələr Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Zaqatala, Quba, Naxçıvan, Ağcabədi, Ağstafa və Neft Daşlarından götürülmüş 2679 planşet nümunəsində müvafiq analizlər əsasında aparılmışdır.
Aparılmış müşahidələrə görə Günəş şüalarının fəallığından asılı olaraq ölkə ərazisində gündəlik radiasiya fonu mövsümlər üzrə dəyişkən olmuşdur. Belə ki, aparılan analizlərin nəticələri və daxil olan məlumatların təhlili göstərir ki, Abşeron yarımadasında radiasiya fonu 7-16 mkR/saat (təbii fon 7-14 mkR/saat) arasında dəyişmişdir. Kiçik Qafqazda 5-14 mkR/saat (təbii fon 6-13 mkR/saat), Böyük Qafqazda 8-18 mkR/saat (təbii fon 9-26 mkR/saat), Aran rayonlarında 6-18 mkR/saat (təbii fon 5-18 mkR/saat), Lənkəran bölgəsində 6-16 mkR/saat (təbii fon 7-17 mkR/saat), Naxçıvan MR-da 8-15 mkR/saat (təbii fon 12-20 mkR/saat) radiasiya fonu qeydə alınmışdır.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncama əsasən Kür və Araz çaylarının suyundan istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ümumi əhalisi 55 mindən artıq olan 8 rayonun (Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala) 50 yaşayış məntəqəsində quraşdırılmış modul tipli sutəmizləyici qurğuların istismarı təşkil edilmiş, bu kəndlərdə suyun keyfiyyətinə nəzarət həyata keçirilmişdir. Bu ilin sonuna qədər daha 50 kənddə sutəmizləyici qurğuların quraşdırılması işləri yekunlaşmaq üzrədir.
Abşeron yarımadasının su obyektlərində, güclü fiziki təsir yaradan mənbələr üzərində səyyar monitorinqlər keçirilmişdir. Yeni istifadəyə verilmiş Zığ-Aeroport yolunun ətraf ərazilərinin monitorinqi keçirilmiş, çirklənmiş ərazilər müəyyənləşdirilmiş, bu ərazilərin ekoloji sağlamlaşdırılmasına dair təkliflər hazırlanmışdır.