Xəbərlər

29 oktyabr Zəngilan rayonunun işğalı günüdür

29 Oktyabr 2008, 00:00

Zəngilan rayonunun işğalından 15 il keçir. Rayon 1993-cü il 29 oktyabr tarixində erməni işğalçıları tərəfindən işğal olunmuşdur. Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli qızıl, ehtiyatları 6618 min kub metr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min kub metr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min kub metr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min kub metr olan Zəngilan qum-çınqıl qarışığı yataqları yayılmışdır.
Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan 1 ədəd şərq çinarı, həmin qəsəbədə diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 1 ədəd şərq çinarı, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunurdu.
Rayonda 107 hektar sahəsi olan Avropada yeganə Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Essentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları vardır.
Zəngilan böyük ekoloji terrora məruz qalmış ərazidir. Belə ki, Ermənistan ərazisində yaranan çirkab sular mütəmadi olaraq (2,1 min kub/gün) təmizlənmədən Araz çayının sol qolu olan Oxçuçay vasitəsilə birbaşa Araz çayına axıdılır. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini “ölü zonaya” çevirmiş, nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora və fauna məhv olmuş, çayın öz-özünü təmizləmə prosesi dayanmışdır.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlamışdır:
Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və s. qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik materialı kimi daşınmışdır.
İşğal dövründə ermənilər dəfələrlə Bartaz və Vecnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törətmişlər. Meşə Təsərrüfatı İdarəsinin inzibati binası yandırılmış, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar, şam ağacları tamamilə qırılmışdır.
Daş-başı və Leşkar meşələrində də ermənilər yanğın törətmiş, sözügedən meşə sahəsindəki 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da ermənilər tərəfindən qırılıb daşınmışdır.
Bu gün də ermənilər tərəfindən tikinti və mebel sənayesinə yararlı çox qiymətli ağaclar kütləvi şəkildə kəsilərək Ermənistana və xarici ölkələrə satılır. İşğal altında olan ərazilərdə narkotik vasitələr becərilir, davamlı olaraq yanğınlar törədilir.