Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (oktyabr ayının I ongünlüyü üçün)

17 Oktyabr 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları tərəfindən Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabr ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirilmişdir. Monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunur.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 4 dəfə, Ağstafaçayda mis birləşmələri 3 dəfə (fenollar norma daxilindədir), Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddələr və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 2 dəfə , Ağstafaçay məntəqəsində isə 1.9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Çayın Horadiz, I Şahsevən, Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1.2, Bəhramtəpədə 1.6, I Şahsevəndə 1.8 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Bunun da səbəbi Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.28-6.64 mq/l arasında dəyişərək norma daxilində olmuşdur.