Xəbərlər

Ağcabədi rayonunun Nəcəfqulubəyli və Zərdab rayonunun Bıçaqçı kəndlərində ən müasir su təmizləyici qurğuların açılış mərasimi keçirilmişdir

13 Oktyabr 2008, 00:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2007”“ci il 20 iyun tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamın icrası olaraq artıq 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunmuşdur.
Hazırda daha 12 rayonun 50 yaşayış məntəqəsinin 111 min əhalisinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd olunan Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli su təmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur.
2008-ci il 12 oktyabr tarixində Ağcabədi rayonunun Nəcəfqulubəyli və Zərdab rayonunun Bıçaqçı kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı su təmizləyici qurğuların açılış mərasimi keçirilmişdir.
Gün ərzində 20 kub.m su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Nəcəfqulubəyli kəndinin 1115 nəfər əhalisi 8 bulaq vasitəsilə və gün ərzində 30 kub. m su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Bıçaqçı kəndinin 1626 nəfər əhalisi 10 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcəklər.

Fotolar