Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi gördüyü işlər barədə hesabat vermişdir

07 Oktyabr 2008, 00:00

2008-ci il 7 oktyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2001-ci ildən indiyədək olan müddətdə görülən işlər barədə hesabat vermişdir. Hesabatda Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas prinsiplərindən irəli gələn kompleks tədbirlər və ekologiya sahəsində imzalanmış fərman və sərəncamların yerinə yetirilməsi ilə bağlı geniş və hərtərəfli məlumatlar öz əksini tapmışdır.
Keçən müddət ərzində ölkənin ekoloji durumunun sağlamlaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə, mövcud olan su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, sənaye-məişət, o cümlədən təhlükəli tullantıların utilizə olunmasının təmini istiqamətində intensiv fəaliyyət göstərilmişdir.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin bərpa edilməsi və artırılmasına dair” Milli Proqramlar, o cümlədən “Azərbaycan Respublikasında Hidrometeorologiyanın inkişafı”na dair Dövlət Proqramına daxil edilmiş tədbirlər həyata keçirilir. Eyni zamanda, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində işlər davam etdirilir.
2003-2008-ci illər ərzində Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiqlənmiş müvafiq sərəncamların icrası ilə əlaqədar Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 478000 hektardan 748402,7 hektara çatdırılmışdır ki, bu da ölkə ərazisinin təqribən 8,7 %-ni təşkil edir. Hal-hazırda ölkəmizdə 8 Milli Park, 12 Dövlət Təbiət Qoruğu, 21 Dövlət Təbiət Yasaqlığı mövcuddur.
Cənubi Qafqazda ilk dəfə olaraq Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin Bərpası və Canlıların Reabilitasiyası Mərkəzi dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində müasir tibbi avadanlıqlarla təchiz edilmiş və kadrlarla komplektləşdirilmişdir.
Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqrama əsasən 2003-2008-ci illərdə 69700 hektarda meşə bərpa tədbirləri nəzərdə tutulmuş və artıq 2008-ci ilin müvafiq dövrünə qədər 57297 hektar sahədə işlər tamamlanmışdır.
2007-ci il 20 iyun tarixli “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” və “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamlardan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılıb və bu istiqamətdə işlər davam etdirilir.
Xəzər dənizinin çirklənmədən qorunması istiqamətində ümumilikdə gün ərzində 4070 kub. m çirkab sutəmizləmə gücünə malik beynəlxalq standartlara cavab verən 27 ədəd modul tipli təmizləyici qurğu, neft tutucu, dezinfektor avadanlıqların qurulması nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı və Nardaran qəsəbələrində 9 stansiya istismara verilərək “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılmışdır. Hal-hazırda Xəzərin çirklənmədən qorunması prosesi ilə bağlı tədbirlər davam etdirilir.
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar isə 100 kənddən 50-də müasir standartlara cavab verən modul tipli sutəmizləyici qurğular quraşdırılaraq əhalinin istifadəsinə verilmiş, digər 50 kənddə də sutəmizləyici qurğuların quraşdırılması üzrə işlər tamamlanır.
İstənilən yaşda və ölçüdə olan ağacların köçürülməsini təmin etmək üçün xüsusi ağır texnikanın alınması məqsədilə Azərbaycan Respublikası Prezidenti “Bakı şəhərinin bir sıra ərazilərinin landşaft dizaynı planının tərtib edilməsi və xüsusi təyinatlı ekoloji texnikanın alınması ilə əlaqədar bəzi tədbirlər haqqında” 2007-ci ilin 20 avqust tarixli 2350 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmış vəsait hesabına çoxillik ağacların onlara ziyan vurulmadan başqa yerlərə köçürülməsində istifadə olunan xüsusi təyinatlı texnikanın 7 ədədi Almaniyanın MAN şirkəti tərəfindən respublikamıza gətirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci ilin 30 oktyabr tarixli 2471 saylı Sərəncamına əsasən respublikanın magistral avtomobil yollarının kənarlarının yaşıllaşdırılması tədbirləri ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 28 km məsafədə yolun hər iki tərəfində torpaq hamarlama və gübrələnmə işləri aparılmış, 112 min ağac əkilərək onların maşınlarla suvarılması təmin olunmuşdur. Eyni zamanda tender elan olunmuş və qalib gəlmiş Bolqarıstan şirkəti ilə bağlanmış müqavilə üzrə 20 min ədəd müxtəlif çeşiddə dekorativ ağac və kol bitkiləri ölkəyə gətirilərək əkilmiş və birinci suvarma başa çatdırılmışdır.