Xəbərlər

Mişar və ağac emalı sexlərində qanun pozuntusu aşkar edilmişdir

23 Sentyabr 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin inzibati ərazilərində (Göyçay, Kürdəmir, Ucar, Zərdab) fəaliyyət göstərən mişar sexləri və ağac emalı ilə məşğul olan fiziki şəxslərə məxsus 22 obyektdə yerli meşə materiallarından istifadənin qanunauyğunluğunun yoxlanılması məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı Göyçay rayon sakinləri R.Nəbiyeva, F.Məcidova, Z.Həsənova, S.Mirzəliyeva, A.Əhmədova, Z.Səfərəliyeva və Kürdəmir rayon sakini R.Əhmədova məxsus sexlərdə qanunsuz yolla əldə edilmiş yerli meşə materiallarından hazırlanmış yeşiklərlə bağlı faktlar aşkar edilərək qanunamüvafiq qaydada sənədləşdirmə işləri aparılmışdır.
Yerli meşə materiallarından qanunsuz istifadənin qarşısının alınması, meşələrin qorunub mühafizə edilməsinin gücləndirilməsi, bu sahədə nöqsan və çatışmazlıqların aradan qaldırılması, gələcəkdə bu kimi hallara yol verilməməsi məqsədilə Nazirlik tərəfindən vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyinə görə 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin bir neçə əməkdaşı cəzalandırılmış, Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin cavabdeh şəxslərinə isə təcili tədbirlərin həyata keçirilməsi üçün göstərişlər verilmişdir.