Xəbərlər

1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 252 akt və 41 inzibati protokol tərtib edib

12 Sentyabr 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları 2008-ci ilin ötən müddəti ərzində inzibati ərazilərdə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlı) müvafiq reyd və yoxlamalar keçirərək 252 akt və 41 inzibati protokol tərtib etmişlər. Təbiətə vurulmuş ziyana görə 225 iş üzrə 28418 manat 15 qəpik məbləğində iddia qaldırılmış, bundan 9199 manat 12 qəpik məbləğin ödənilməsi təmin edilmişdir.
Meşə ehtiyatlarının mühafizəsi və qorunması sahəsində Azərbaycan Respublikasının “Meşə Məcəlləsi”nin tələblərinə riayət olunması və qanunsuz olaraq meşələrin qırılmasının qarşısının alınması məqsədi ilə keçirilən araşdırmalar zamanı aşkar olunmuş qanun pozuntusu faktları ilə əlaqədar 138 akt və 8 inzibati protokol tərtib edilmişdir. Təbiətə vurulmuş ziyana görə 135 iş üzrə 23938 manat 15 qəpik məbləğində iddia qaldırılmış, bundan 6614 manat məbləğin ödənilməsi təmin edilmişdir. Aşkar olunmuş qanun pozuntularına görə təqsirkar şəxslər barəsində inzibati qaydada 8 iş üzrə 5720 manat məbləğində cərimə tətbiq olunmuş, bundan 300 manat məbləğin ödənilməsi təmin edilmişdir. Xidməti ərazidə 384.16 m3 odun, 41m3 çırpı və 84.89 m3 işlik meşə materialı və 5681 kq kömür qanunsuz daşındığı üçün sənədləşdirilmiş, bundan 10 m3 odun, 78,198 m3 işlik meşə materialı və 945 kq kömür müsadirə olunaraq Meşə Müəssisəsi və Bərpası Müəssisələrinə təhvil verilmişdir. 2 iş Hüquq Mühafizə Orqanlarına göndərilmişdir.
Heyvanlar aləminin mühafizəsi və qorunması sahəsində Azərbaycan Respublikasının “Heyvanat aləmi haqqında” qanunun tələblərinin pozulması ilə əlaqədar 6 akt və protokol tərtib edilmiş, təbiətə dəymiş ziyana görə 88 manat məbləğində iddia hesablanmış və baxılması üçün aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilmişdir. Bundan 2 işə baxılaraq təqsirkar şəxslər barəsində müvafiq tədbir görülmüşdür.
Yerin təkinin və torpaq ehtiyyatlarının mühafizəsi sahəsində yerin təkindən qanunsuz istifadəyə görə hüquqi və fiziki şəxslər barəsində 88 akt və 10 protokol tərtib edilmişdir. Təbiətə vurulmuş ziyana görə 88 iş üzrə 4347 manat 70 qəpik məbləğində iddia qaldırılmış, bundan 2259 manat məbləğin ödənilməsi təmin olunmuşdur. Aşkar edilmiş qanun pozuntularına görə təqsirkar şəxslər barəsində inzibati qaydada 7 iş üzrə 4440 manat məbləğində cərimə tətbiq edilmiş, bundan 699 manat 50 qəpik məbləğin ödənilməsi təmin olunmuşdur.
Atmosfer havasının və su ehtiyyatlarının mühafizəsi sahəsində Azərbaycan Respublikasının “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun tələblərinə riayət olunması vəziyyətinin yoxlanması ilə əlaqədar 4 akt, 2 protokol tərtib edilmişdir. 1 iş üzrə inzibati qaydada 3300 manat məbləğində cərimə tətbiq edilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına dair 1 məcburi göstəriş verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.03.1992-ci il tarixli 122 saylı qərarına müvafiq olaraq atmosfer havasına atılan tullantılara görə hesablanmış 4992 manat 20 qəpik məbləğin ödənilməsi təmin edilmişdir.
İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması ilə əlaqədar aşkar edilmiş faktlar əsasında 16 akt və 15 protokol tərtib olunmuş, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasına dair 11 məcburi göstəriş verilmişdir. Törədilmiş inzibati xətalarla əlaqədar təqsirkar şəxslər barəsində 22080 manat məbləğində cərimə tətbiq edilmiş, bundan 1860 manat məbləğin ödənilməsi təmin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 122 saylı qərarına müvafiq olaraq tullantıların yerləşdirilməsinə görə 2641 manat 20 qəpik məbləğin ödənilməsi təmin olunmuşdur.