Xəbərlər

23 avqust Cəbrayıl rayonunun işğalı günüdür

22 Avqust 2008, 00:00

Sahəsi 104980 hektar olan Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min m3 olan Tulus tuf; ümumi ehtiyatları 5434 min m3 olan 2 Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min m3 olan kərpic istehsalına yararlı Qaracallı gil; ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc; ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı; ehtiyatları 4130 min m3 olan Cəfərabad qum-çınqıl qarışığı; ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları vardır.
Cəbrayıl şəhərində diametri 250 sm, hündürlüyü 30 m, yaşı 500 il olan 1, Hacılı kəndində diametri 350 sm, hündürlüyü 30 m, yaşı 700 il olan 1 və diametri 800 sm, hündürlüyü 45 m, yaşı 1600 il olan 6, Karxulu kəndində diametri 90 sm, hündürlüyü 25 m, yaşı 200 il olan 1, Funqalı kəndində diametri 450 sm, hündürlüyü 30 m, yaşı 900 il olan 1 və diametri 370 sm, hündürlüyü 30 m, yaşı 750 il olan 1, Horovlu kəndində diametri 400 sm, hündürlüyü 30 m, yaşı 800 il olan 1, Işıqlı kəndində diametri 400 sm, hündürlüyü 25 m, yaşı 800 il olan 1 ədəd Şərq çinarları qorunurdu.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir.
Karxulu kəndindəki yaşıllıqlardan əsər-əlamət qalmamış, yol kənarlarında olan qoz və digər qiymətli ağaclar, eləcə də Cəbrayıl şəhərindəki 800 il yaşı olan və təbiət abidəsi kimi qorunan çinar ağacı kəsilib məhv edilmişdir.
Araz çayı vadisindəki bütün ağaclar yandırılmış, həmçinin, çoxyaşlı iri diametrli qoz ağacları material kimi doğranaraq müxtəlif məqsədlər üçün Ermənistana daşınır və xaricə satılır.