Xəbərlər

Füzuli rayonunun işğalından 15 il keçir

21 Avqust 2008, 00:00

Füzuli rayonunun işğalından 15 il keçir. 23 avqust 1993-cü ildə ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən işğal olunmuşdur. Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı; kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil; ehtiyatları 13053 min m3 olan Quruçay qum-çınqıl qarışığı yataqları vardır.
Özünəməxsus təbiəti olan Füzuli rayonunun İşıqlı kəndində diametri 250 sm, hündürlüyü 25 m, yaşı 500 il və diametri 450 sm, hündürlüyü 25 m, yaşı 900 il olan 2, Böyük Bəhmənli kəndinin İranla sərhəd ərazisində diametri 100 sm, hündürlüyü 20 m, yaşı 200 il olan 1, Seyidəhmədli kəndinin “İbə piri” adlanan sahəsində diametri 520 sm, hündürlüyü 30 m, yaşı 1400 il və diametri 250 sm, hündürlüyü 25 m, yaşı 550 il olan 2, Mandılı kəndində diametri 180 sm, hündürlüyü 45 m, yaşı 400 il 1 və diametri 150 sm, hündürlüyü 40 m, yaşı 300 il olan 5 ədəd Şərq çinarları təbiət abidəsi kimi pasportlaşdırılmış və işğala qədər mühafizə olunmuşdur.
1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, təbaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanmışdır.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlamışdır:
1. Geniş meşə massivləri ilə örtülü olan Dövlətkarlı kəndində ağaclar bütünlüklə qırılmışdır.
2. Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilmişdir.
3. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılmışdır.
4. Ərgünəş meşəsində 500 hektar ərazi yandırılmışdır.