Xəbərlər

Müəssisə rəhbərlərinə məcburi göstərişlər verilib

15 Avqust 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin keçirdiyi monitorinqlər nəticəsində bir sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edilmişdir. Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparmışlar.
“Bibiheybət” Neft Qaz Çıxarma İdarəsinin fəaliyyət zonasına daxil olan Kaspar adlanan ərazidən neftdən ayrılan lay suyunun Xəzər dənizinə axıdılması faktı aşkar olunmuşdur. Qeyd olunan faktla əlaqədar akt və protokol tərtib edilmiş, çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.
“Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin fəaliyyəti nəticəsində neftlə birlikdə çıxan lay suları Ramanı gölünə, oradan da tam təmizlənmədən nasoslar vasitəsi ilə Hövsan kanalına nəql edilərək Xəzər dənizinə axıdılır. Qeyd olunanlarla əlaqədar akt və protokol tərtib edilərək çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.
“Suraxanı OİL” Əməliyyat Şirkəti tərəfindən Suraxanı yatağında quyuların istismarı zamanı neftdən ayrılan lay suyunun tam təmizlənmədən nasoslar vasitəsi ilə Hövsan kanalına nəqil edilərək Xəzər dənizinə axıdılması faktı aşkar olunmuşdur. Qeyd olunanlarla əlaqədar akt və protokol tərtib edilərək çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Bioloji Təmizləmə Qurğusuna daxil olan sənaye axıntı və məişət çirkab sularının reqlament normalarına uyğun təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılmasına görə müəssisə cərimə edilmiş, çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.
“Neft Daşları” Neft Qaz Çıxarma İdarəsinin fəaliyyət zonasına daxil olan yataqlarda quyuların istismarı zamanı neftdən ayrılan lay sularının neftyığma məntəqələrindən Xəzərə axıdılması aşkar edilmişdir. Qeyd olunanlarla əlaqədar akt və protokol tərtib edilərək çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.
“28 May” Neft Qaz Çıxarma İdarəsinin fəaliyyət zonasına daxil olan Çilov adasında istismar olunan quyulardan hasil olunan lay sularının uducu quyulara vurulmaması, KU-200 tipli Bioloji Təmizləmə Qurğusuna daxil olan məişət çirkab suların təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması, həmçinin, adada formalaşan müxtəlif tərkibli bərk məişət tullantılarının müvafiq qaydada yığılaraq utilizasiya edilməməsi aşkar olunmuşdur. Qeyd olunanlarla əlaqədar akt və protokol tərtib edilmiş, çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.
“Azərsu” ASC-nin Lənkəran şəhər Su-Kanal idarəsinə məxsus BTQ-su qəzalı vəziyyətdə olduğundan qurğuya daxil olan çirkab suların təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı aşkar olunmuşdur. Pozuntu faktları ilə əlaqədar akt və protokol tərtib edilərək müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.
“Azəryod” MMC-də quyulardan çıxarılan lay sularından yod istesalında istifadə edildikdən sonra formalaşan çirkab tullantı suların təmizlənmədən Mil-Muğan kanalına, oradan da Xəzər dənizinə axıdılması faktı müəyyən olunmuşdur. Aşkar olunmuş faktla əlaqədar “Azəryod” MMC cərimələnmiş, müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.