Qeyri-sabit hava şəraiti davam edəcək
08 Avqust 2008, 00:00
Faktiki hava
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, əvvəlcədən xəbər verildiyi kimi, avqust ayının 7-də axşam saatlarından başlayaraq Rusiyanın cənubundan soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə yaxınlaşması ilə əlaqədar hava şəraiti dəyişmişdir.
Şimal-qərb rayonlarında yağmış leysan xarakterli yağışlar nəticəsində Balakən-Şəki bölgəsinin Talaçay, Ağçay, Kürmükçay çaylarından qısamüddətli daşqınlar keçmişdir.
Ən çox düşən yağıntının miqdarı :
Qaxda 96.0 mm, İlisuda 59.0 mm, Zaqatalada 40.0 mm (aylıq normanın 54 %-i), Şəkidə 26.0 mm (aylıq normanın 46 %-i), Ağstafada 22.0 mm (aylıq normanın 92 %-i), Gəncədə 16.0 mm (aylıq normanın 84 %-i) təşkil etmişdir.
Qubada 4.0 mm, Gədəbəy, Şəmkir, Qəbələdə 3.0 mm, Daşkəsəndə 2.0 mm, İsmayıllı, Tərtər, Göyçayda 1.0 mm yağıntı müşahidə edilmişdir.
Abşeron yarımadasının bəzi ərazilərində ( Biləcəri və Sumqayıtda) gecə saatlarında az yağış qeydə alınmışdır.
Külək: Şimal-qərb küləyi Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 15-20 m/s-dək güclənmişdir.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.2 metrə çatmışdır.
Temperatur: Aran rayonlarında 34-37, dağlıq rayonlarda 19-22, Abşeron yarımadasında isə 30-33 dərəcə isti olmuşdur.
Proqnoz
Qeyri-sabit hava şəraitinin avqustun 10-u gündüz saatlarınadək davam edəcəyi, bəzi rayonlarda arabir yağış yağacağı, əsasən, gecə və axşam saatlarında lokal leysan xarakterli olacağı gözlənilir. Şimal-qərb küləyinin avqustun 8-də və 9-na keçən gecə 15-20 m/s, arabir isə hətta 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında havanın nisbətən sərinləşməsinə baxmayaraq, atmosfer təzyiqinin xeyli tərəddüdü, avqustun 8-də başlayan güclü küləyin 9-u gündüz saatlarından etibarən mülayimləşməsi, havada rütubətliliyin normadan çox olması gözlənilir. Bu cür qeyri-sabit meteoroloji şərait meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.