Xəbərlər

Təbiət ərazilərində və onların ətrafında yanğın əleyhinə profilaktik tədbirlərə əməl edilməlidir

07 Avqust 2008, 00:00

Meşə yanğınları təbii fəlakət hadisələrinin ən təhlükəlilərindən biri olmaqla hər il orta hesabla yer kürəsində 20 milyon hektara qədər meşələrin məhv olmasına səbəb olur ki, bu da həmin ölkələrin iqtisadiyyatına böyük miqdarda maddi ziyan vurmaqla yanaşı ekoloji mühitin davamlı şəkildə çirklənməsinə səbəb olur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublikamızın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Haqqında Qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.
Respublikamızın ərazisində havaların isti və quraq keçməsi ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mərkəzi və yerli qurumları tərəfindən bu təhlükənin qarşısının alınması məqsədi ilə Meşə Mühafizəsi və Bərpası Müəssisələrində texniki avadanlıqlarla təchiz olunmuş növbətçiliklər təşkil edilmiş, yerlərdə taxıl məhsullarının biçini zamanı fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılmaqla yanaşı, bir çox meşəətrafı ərazilərdə minerallaşdırılmış zolaqların yaradılması üçün müvafiq tədbirlər görülmüşdür. Nəticədə respublikamızın ərazisində meşə yanğını hadisələrinin sayı əvvəlkı illərə nisbətən minimuma endirilmişdir. Lakin buna baxmayaraq, bəzi rayonların fermer təsərrüfatları və fiziki şəxsləri tərəfindən taxıl biçinindən sonra kövşənliklərin, mülkiyyətçilərin pay torpaqlarına daxil olan ərazilərdəki kolluqların, yol kənarlarında mövcud olan yaşıl bitki örtüyünün yandırılması hallarına yol verilir. Bunun nəticəsində də torpağın humus qatının keyfiyyət göstəricilərinin çox ciddi şəkildə pozulması ilə yanaşı, həm də bir sıra hallarda, dövlət meşə fonduna daxil olmayan, lakin ətraf mühitin sabitliyinin təmin olunmasında əvəzsiz əhəmiyyət kəsb edən yaşıllıqlar korlanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.