Xəbərlər

4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 6 ay ərzində 118 akt və 18 protokol tərtib edib

06 Avqust 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi xidməti ərazisində ”“ Qobustan, Abşeron, Sumqayıt və Xızı inzibati rayonlarında yer təkinin, su mühitinin, atmosfer havasının, torpaqların, ətraf mühitin, flora və faunanın mühafizəsi sahəsində fəaliyyət göstərir, ekoloji problemlərin yaranmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq monitorinq və reydlər keçirir.
Cari ilin 6 ayı ərzində şöbənin əməkdaşları tərəfindən mövcud qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə mütəmadi araşdırmalar aparılmış və bir sıra qanun pozuntuları aşkar edilmişdir.
Şöbə əməkdaşlarının keçirdikləri araşdırma zamanı Sumqayıt şəhəri 15-ci məhəllə, N.Nərimanov küçəsi və H.Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar olunmuş və faktla bağlı akt tərtib olunmuşdur.
Aparılan araşdırma zamanı Sumqayıt və Xırdalan şəhərlərində bərk tullantıların (istehsalat və məişət tullantıları) idarə olunmaması, onların qalaqlanması və yandırılması faktları qeydə alınmış, göstərilən faktlar üzrə akt tərtib olunmuşdur.
2008-ci ilin 6 ayı ərzində Sumqayıt şəhərinin sənaye müəssisələrinin axıntı sularından və stasionar çirkləndirmə mənbələrindən nümunələr götürülərək 679 analiz aparılmışdır.
Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində “Ceyhun 89” firmasına məxsus ərazidə torpağın təyinatına uyğun istifadə olunmaması, dövlət ekoloji ekspertiza rəyi olmadan şirniyyat sexinin yaradılması faktı aşkar edilmiş və faktla bağlı firmanın rəhbərliyinə konkret tələblərdən ibarət icra üçün məcburi göstəriş verilmiş, Sumqayıt şəhər icra hakimiyyətinə rəsmi müraciət olunmuşdur.
Ceyranbatan qəsəbəsi, “Atatürk bağı”nda fiziki şəxs İ.Şahbazova məxsus çayxana ərazisində 4 ədəd çoxillik yaş köküstə şam ağacının hasara alınması faktı aşkar olunaraq qanunamüvafiq qaydada sənədləşdirilmiş və obyektin sahibinə icra üçün məcburi göstəriş verilmişdir.
Abşeron rayonu, Saray qəsəbəsi ərazisində “Badamlıq” deyilən sahədən qeyri qanuni qum daşınması faktı aşkar olunmuş və faktla bağlı 2 nəfər sürücüyə protokol tərtib edilərək onların hər biri 660 manat məbləğində inzibati qaydada cərimələnmişdir.
Qirməki Təbiət Abidəsi zonasında (Mehdiabad ”“ Məmmədli ”“ Balaxanı hissəsində) da qeyri-qanuni 390,6m3 torpağın qazılaraq aparılması faktı aşkar olunmuş və qanunvericiliyə müvafiq olaraq fakt üzrə tərtib olunmuş sənədlər tədbir görülməsi üçün Abşeron rayon prokurorluğuna göndərilmişdir.
Şöbənin əməkdaşları İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə Abşeron rayonunda “Səhliyalı”, “Mətanət-A”, “Tam qıda sənaye LTD”, “Aysu qida sənayesi LTD” MMC-də, “Azərkörpü” ASC, “Bakı-Kastel” TXİMMM, “Taleh-T” kiçik müəssisəsi, “Yaşar-S”, “Xəzri-A” MMC-də, Sumqayıt şəhərində “Turan-98” kiçik müəssisəsində, Xızı rayonunun Kaftaran ərazisində “Daşbulaq” MMC-də araşdırma aparılmış və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə konkret tələblərdən ibarət icra üçün məcburi göstərişlər verilmişdir. Həmçinin, dövlət ekoloji ekspertiza rəyi olmadan fəaliyyət göstərdiyinə görə “Azərkörpü” ASC-nin ekologiya məsələləri üzrə cavabdeh şəxsi 2750 manat, “Bakı-Kastel” TXİMMM-də ekoloji uçot və hesabatların aparılmamasına görə isə inzibati direktor 2475 manat məbləğində inzibati qaydada cərimələnmişlər. Eyni zamanda, “Xəzri-A”, “Taleh-T”, “Yaşar-S” müəssisələrinin fəaliyyət sahələrində də aşkar edilmiş nöqsanlarla bağlı icra üçün obyekt sahiblərinə məcburi göstəriş verilmişdir.
4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi, Respublika Dövlət Yol Polisi, Sumqayıt şəhər Yol Polisi ilə birgə tədbirlər planına müvafiq olaraq aprel ayında Sumqayıt rayonu ərazisində “Təmiz Hava” aylığı həyata keçirmişdir. Aylıq müddətində 9 avtonəqliyyat təsərrüfatında 152 avtomobil yoxlanılmış və 13 avtomobildə dəm qazının miqdarı normadan artıq olmuşdur. Küçə və magistrallarda keçirilən reydlər zamanı yoxlanılmış 403 fərdi minik avtomobilindən isə 182-də dəm qazının normadan artıq olduğu müəyyən edilmişdir. Nasaz avtomobillərin sürücüləri inzibati qaydada cərimələnmiş, avtomobillərin nasazlığı aradan götürüldükdən sonra hərəkətinə icazə verilmişdir.
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində bünövrə qazıntısı zamanı yaş köküstə şam ağaclarının kəsilərək məhv edildiyi aşkar olunmuş və faktla bağlı cavabdeh şəxsə 825 manat inzibati cərimə və 79 manat 52 qəpik məbləğində isə iddia tətbiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 saylı qərarına əsasən şöbə tərəfindən cari ilin son 6 ayı ərzində su hövzəsinin, atmosfer havasının çikrləndirilməsi və bərk məişət tullantılarının yerləşdirilməsi müqabilində müəssisə və təşkilatlara, ayrı-ayrı fiziki şəxslərə 35645 manat 89 qəpik məbləğində 81 normativ ödəmə, 38585 manat 60 qəpik məbləğində isə iddia tətbiq edilmişdir. Eyni zamanda torpağın və yer təkinin qeyri-qanuni istifadəsi, həmçinin yaşıllıqların məhv edilməsinə görə 6476 manat məbləğində iddia tətbiq olunmuşdur.
Ümumilikdə, 6 ay ərzində şöbə tərəfindən aparılan araşdırmalar, monitorinq və reydlər nəticəsində 110 akt və 18 protokol tərtib edilmiş, ətraf mühitə vurulan ziyan müqabilində 19 nəfər 49395 manat məbləğində inzibati qaydada cərimələnmiş, icra üçün 26 məcburi göstəriş verilmişdir. Tədbir görülmək üçün hüquq mühafizə orqanlarına 3, rayon məhkəməsinə 1, məhkəmə nəzarətçilərinə isə 2 iş göndərilmişdir.